Şəhriyar Məmmədyarov ardıcıl üçüncü oyunda xal itkisi ilə üzləşib
21.08.2008 - 11:37
Şəhriyar Məmmədyarov ardıcıl üçüncü oyunda xal itkisi ilə üzləşib
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirində III tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ardıcıl üçüncü oyunda xal itkisi ilə üzləşib. Reytinqdə 4-cü olan 23 yaşlı qrossmeysterimiz qara fiqurlarla Ruslan Ponomaryovun (Ukrayna) müqavimətini qıra bilməyib və görüş heç-heçə başa çatıb.

Vasili İvançuk (Ukrayna) - Yevgeni Alekseyev (Rusiya), Qata Kamski (ABŞ) - Boris Qelfand (İsrail) oyunlarında da qalib müəyyənləşməyib. Digər görüşlərdə Aleksandr Morozeviç (Rusiya) həmyerlisi Vladimir Kramniki, Peter Leko (Macarıstan) isə Aleksey Şirovu (İspaniya) məğlub edib. Üç oyundan sonra turnir cədvəlinə 2,5 xalla A. Morozeviç başçılıq edir. Dördüncü pillədə qərarlaşan Ş. Məmmədyarovun hesabında 1,5 xal var.

Bu gün IV turun oyunları keçiriləcək: P.Leko - A.Morozeviç, V.Kramnik - R.Ponomaryov, Ş.Məmmədyarov - V.İvançuk, Y.Alekseyev - Q.Kamski, A.Şirov - B.Qelfand. Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 27-də başa çatacaq. 29-30 avqustda isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.
0