Aliyə Qarayeva və Azərbaycanın qrup yığması Pekin Olimpiadasında uğurlu start götürüblər
22.08.2008 - 10:03
Aliyə Qarayeva və Azərbaycanın qrup yığması Pekin Olimpiadasında uğurlu start götürüblər
Bakı. Kənan Həsənov - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, birinciliyə qatılan 24 idmançı çoxnövçülkdə halqa və iplə proqramı yerinə yetiriblər. Azərbaycan gimnastlarından yalnız Aliyə Qarayevanın çıxışı uğurlu alınıb. İki hərəkətin cəmində 34,875 xal toplayan təmsilçimiz 7-ci olub. Dinarə Gimatova isə 33,050 xalla 13-cü yeri tutub. Gimnastlar bu gün gürz və lentlə proqramı yerinə yetirəcəklər. Məhz bundan sonra sabah təşkil olunacaq finala yüksələn 10 idmançının adı müəyyənləşəcək.
Qrup hərəkətləri üzrə milli komandamız da ilk yarış gününü uğurla başa vurub. Vəfa Hüseynova, Alina Tryopina, Valeriya Yeqay, Anna Bitiyeva, Anastasiya Prasolova və Dina Qorinadan ibarət yığmamız 5 iplə proqramın ifasına görə hakimlərdən 15,575 xal alaraq 8-ci pillədə qərarlaşıblar. Komandamız bu gün 3 halqa və 2 gürzlə proqramı təqdim edəcək. Bundan sonra 12 komandadan finala yüksələn 8-i müəyyənləşəcək.
0