Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ilk dəfə məğlubiyyətə düçar olub
25.08.2008 - 11:48
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ilk dəfə məğlubiyyətə düçar olub
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirində VI tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, liderlər qrupunda yer alan Şəhriyar Məmmədyarov hesabat turunda ilk dəfə məğlubiyyət acısı dadıb. Reytinqdə 4-cü olan 23 yaşlı təmsilçimiz ağ fiqurlarla gözlənilmədən Boris Qelfanda (İsrail) uduzub. Aleksandr Morozeviç (Rusiya) Ruslan Ponomaryovdan (Ukrayna), Vasili İvançuk (Ukrayna) isə Peter Lekodan (Macarıstan) üstün olub. Vladimir Kramnik (Rusiya) - Qata Kamski (ABŞ), Aleksey Şirov (İspaniya) - Yevgeni Alekseyev (Rusiya) görüşlərində qalib müəyyənləşməyib. Altı turdan sonra yarış cədvəlinə 4,5 xalla A. Morozeviç başçılıq edir. Ş. Məmmədyarov 3 xalla 4-cü pilləyə enib. Bu gün VII turun oyunları keçiriləcək: V. İvançuk - A. Morozeviç, R. Ponomaryov - A. Şirov, Y. Alekseyev - Ş. Məmmədyarov, Q. Kamski - P. Leko, B. Qelfand - V. Kramnik.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən və doqquz turdan ibarət yarış avqustun 27-də yekunlaşacaq. Avqustun 29-30-da isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.
0