Pekin Olimpiadasının 10 ən maraqlı məqamı
25.08.2008 - 14:58
Pekin Olimpiadasının 10 ən maraqlı məqamı
Bakı. Kənan Həsənov - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunları bir sıra maraqları məqamları ilə yadda qalıb. “APA-Sport” agentliyinin araşdırmalarına əsasən, bu mötəbər turnirin 10 ən maraqlı məqamı aşağıdakılardır:
1. Olimpiadanın startından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe idmançılardan götürülən 4500 dopinq-testdən təxminən 40-nın müsbət nəticələnəcəyini proqnozlaşdırmışdı. Amma prezident təxminlərində yanıldı. Araşdırmalar istifadəsi qadağan olunmuş dərman preparatlarından cəmi 6 idmançı və 1 atın yararlandığını üzə çıxardı. Müqayisə üçün qeyd edək ki, Afina olimpiadasında 3500 dopinq-testdən 26-ı müsbət nəticələnmişdi.
2. Olimpiadada 204 ölkədən 14268 idmançı və rəsmi şəxs iştirak edib. 350 idmançı isə özünə Çin mənşəli ad götürüb.
3. Yarış başa çatsa da, olimpiya şəhərciyində tikilən obyektlər boş qalmayacaq. Belə ki, həmin obyektlər Pekin sakinlərinə satılacaq. Olimpiadadan əvvəl başlanan bu proses hələ bir müddət davam etdiriləcək. Olimpiya şəhərciyi Pekinin ən münasib guşələrindən birində yerləşdiyindən təşkilatçılar alıcılar baxımından problem yaşamayacaqlarına ümid edirlər.
4. Olimpiya oyunlarında 36 dünya rekordu qeydə alınıb ki, bunlardan 25-ni üzgüçülər müəyyənləşdiriblər. Həmçinin atletikada 5, velosiped idmanında 2, ağırlıqqaldırmada isə 4 rekord olub.
5. Olimpiadada ən çox tamaşaçı toplayan idman növü futboldur. Təşkilatçıların açıqlamalarına görə, kişi və qadınlar arasında yarışı stadionlardan 2 milyon 140 min azarkeş izləyib. Bu, yay olimpiya oyunları tarixində rekord göstəricidir.
6. Rusiyanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi İrina Viner tarixə düşüb. Məsələ burasındadır ki, onun yetirmələri ardıcıl üçüncü olimpiadada fərdi və qrup halında ən güclü olublar.
7. Turnirin ən gənc qadın idmançısı kamerunlu üzgüçü Antuanet Coys Quediya Muafo olub. Sərbəst üsulla 50 m məsafəyə yarışa qatılan idmançı oktyabrın 21-də 13 yaşı tamamlayacaq. Ən gənc kişi idmançı adına isə sentyabrın 11-də 14 yaşını qeyd edəcək Dueyn Benjamin Didon (Seyşel adaları) sahib çıxıb. Yaponiyalı qadın çapar Mieko Yaqi (58 yaş) isə yay olimpiya oyunlarının ən yaşlı iştirakçısı sayılıb.
8. Olimpiadanın təntənəli açılış mərasimində dövlət bayraqları ən çox atletlərə etibar olunub – 61 nəfər. Onların ən yaxın izləyiciləri üzgüçülər (19), cüdoçular (17), ağırlıqqaldıranlar (12) və güləşçilər (10) olub.
9. Pekin Olimpiadası tamaşaçı sayı baxımından rekord müəyyənləşdirib. “Nielsen” qrupunun hesablamalarına görə, bu nüfuzlu yarışı təxminən 4,5 milyard televiziya tamaşaçısı izləyib. Bu, dünya əhalisinin 2/3-i deməkdir. XXIX Yay Olimpiya Oyunları bu göstəricidə 2000-ci ildə Sidneydə (3,6 milyard) və 2004-cü ildə Afinada (3,9 milyard) keçirilmiş analoji yarışı üstələyib.
10. Yay Olimpiya Oyunlarının rəsmi bağlanış mərasiminə 204 ölkə qatılıb. Maraqlıdır ki, ABŞ-ın dövlət bayrağını aparmaq SSRİ-də anadan olan gürcü əsilli oxatan Xatuna Loriqə həvalə olunub. 34 yaşlı idmançı karyerası ərzində üç ölkənin adından çıxış edib: 1992-ci ildə MDB-nin, 1996, 2000-ci illərdə Gürcüstanın, Pekində isə ABŞ-ın. X. Loriq üç il əvvəl ABŞ vətəndaşlığını qəbul edib. Amma o, Pekin Olimpiadasında fəxri kürsüyə yüksələ bilməyib.
0