Maqomedxan Aratsilov: “Azərbaycan güləş yığması London Olimpiadasında dünyanın ən güclüsü olacaq”
26.08.2008 - 11:46
Maqomedxan Aratsilov: “Azərbaycan güləş yığması London Olimpiadasında dünyanın ən güclüsü olacaq”
Dağıstanlı mütəxəssis Çinin paytaxtı Pekində başa çatan XXIX Yay Olimpiya Oyunlarında cəmi bir bürünc medalla kifayətlənmələrini belə əsaslandırıb: “Bir qədər bəxtsizlik, lazımi xalı götürmək üçün vaxtımızın qalmaması öz sözünü dedi. Təbii ki, olimpiadadakı çıxışımızdan müəyyən nəticələr çıxardıq. Çatışmayan cəhətləri, problemləri aradan qaldırmalıyıq. Yetirmələrim dünyada liderliyi ələ keçirməyə hazırdırlar. Bunun üçün isə bir qədər vaxt lazımdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan 2012-ci il London Olimpiadasında sərbəst güləş növündə planetin ən güclüsünə çevriləcək”. M. Aratsilovun bildirdiyinə görə, yığmamız Pekinə bir neçə medal qazanmaq üçün yollansa da, pəhləvanlarımızın çıxışları bu istəyin hələ erkən olduğunu müəyyənləşdirib. Buna baxmayaraq, milli komandamızın uğurlu nəticə göstərdiyini vurğulayan baş məşqçi kollektivdə aşkar liderlərin meydana çıxdığını nəzərə çatdırıb. O, aparıcı pəhləvanlarımızın gələcəkdə ustalıq və özünəinam hissini ortaya qoyaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxacaqlarını deyib. M. Aratsilov yığmamızın sükanı arxasında fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda hələ qəti qərara gəlmədiyini də söyləyib: “Mən Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə Pekin Olimpiadasınadək anlaşmışdım. Bundan sonra nə olacağını zaman göstərəcək. Baş məşqçi postunda çalışdığım 8-9 ay ərzində enerji sərf etmişəm, can yandırmışam. İstəklərimin bir hissəsi həyata keçdi, bir hissəsi isə yox”.
0