Xəzər İsayev: “Güləş yığmalarımızda islahatlar aparılacaq”
26.08.2008 - 12:36
Xəzər İsayev: “Güləş yığmalarımızda islahatlar aparılacaq”
Bakı. Elşən Məmmədov – APA-Sport. “Fikrimcə, biz Pekində Afina Olimpiadasından daha yaxşı çıxış etdik. Ən azı qazanılan medalları baxımından ötən yay olimpiya oyunlarını üstələdik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev deyib. Onun bildirdiyinə görə, 2000-ci il Sidney və 2004-cü il Afina Olimpiadalarından fərqli, Çinin paytaxtı Pekində başa çatan XXIX Yay Olimpiya Oyunlarında güləşçilərimizin qızıl medal qazana bilməmələrinə Rusiya pəhləvanları mane olublar: “Bilirsiniz ki, Rusiya güləşçilərinə qarşı mübarizə aparmaq çox çətindir. Bunu Rövşən Bayramov, Vitali Rəhimov və Xetaq Qazyumovun qarşısını məhz rusiyalı pəhləvanların kəsməsindən də görmək olar. Mənə elə gəlir ki, texniki cəhətdən cüzi zəifliyimiz ucbatından qızıl medallara sahib ola bilmədik”. Eyni zamanda MOK-un Azərbaycan Güləş Federasiyası (AGF) üzərində nəzarətçisi funksiyasını yerinə yetirən X. İsayev vurğulayıb ki, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımızda islahatlara çox ehtiyac var: “Mən pəhləvanlarımızın iştirakı ilə keçirilən bütün qarşılaşmaları canlı izləmişəm. Bir misal çəkim. Yunan-Roma güləşçimiz Rövşən Bayramovun final görüşündə ikinci hissənin axırında yorğunluğu, gərginliyi məğlubiyyətə səbəb oldu. Bu, idmançılarımızın çəki problemi, təlim-məşq toplanışlarının az və ya çoxluğu ilə bağlıdır. Digər tərəfdən, bəzi legionerlərimizin, xüsusən sərbəst güləşçilərimizin çıxışı bizi qane etmədi. Çamsulvara Çamsulvarayev, Zəlimxan Hüseynovdan medal gözləyirdik. Novruz Temrezov mükafatçılar sırasında yer almağa çox yaxın idi”. MOK rəsmisi onu da əlavə edib ki, Pekin Olimpiadasında buraxılan səhvlərin aradan qaldırılması baxımından AGF-ni gələcəkdə gərgin iş qrafiki gözləyir.
0