Elnur Məmmədliyə daha 180 min manat mükafat
11.09.2008 - 11:37
Elnur Məmmədliyə daha 180 min manat mükafat
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün XXIX Pekin Yay Olimpiya Oyunlarında medal qazanan cüdoçuların və onların məşqçilərinin mükafatlandırma mərasimi keçirilib. “APA-Sport”un məlumatına görə, bununla bağlı təşkil olunan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Füzuli Ələkbərov çıxış edərək, Pekin Olimpiadasının nəticələrindən razı qaldığını bildirib. O, cüdoçularımızın olimpiadadan 1 qızıl və 1 bürünc deyil, daha çox medalla dönə bilmək şanslarının olduğunu deyib: “Hər halda, milli komandamız kişi cüdosunda Avropada birinci, dünyada isə 3-cü yeri tutur”.

F. Ələkbərov vurğulayıb ki, yaxın zamanlarda ölkəmizi regionda cüdo mərkəzinə çevirəcək layihə gerçəkləşdirəcək. ACF rəhbəri, həmçinin Bakıya təyin olunan Dünya Kubokunun yüksək səviyyədə keçirilməsi üçün tapşırıq verib: “Pekin Olimpiadası arxada qaldı. Biz 2012-ci il London Yay Olimpiya Oyunlarının hazırlığına başlamalıyıq. Eyni zamanda, gələn ay paytaxtımızda Dünya Kubokunu yüksək səviyyədə keçirmək lazımdır”.

Ardından federasiya prezidenti olimpiadanın medalçılarına və onların məşqçilərinə pul mükafatları təqdim edib. Olimpiya çempionu Elnur Məmmədli 180 min, bürünc medalçı Mövlud Mirəliyev 90 min, məşqçilər Yaşar Allahverdiyev 50 min, Hacıağa Hacıəhmədov 25 min və həkim Kamil İsgəndərov 10 min manat mükafata layiq görülüb. Bundan başqa, yığmamızın baş məşqçisi Ağayar Axundzadənin mənzil təminatı yaxşılaşdırılacağı bildirilib. F. Ələkbərov gələcəkdə də cüdoçulara mükafat veriləcəyini söyləyib: “Federasiya rəhbərliyinin maddi köməyi, dəstəyi bununla bitmir”

Qeyd edək ki, bir neçə gün öncə ACF-nin əsas sponsoru “İmproteks” Şirkətlər Qrupu tərəfindən A. Axundzadəyə “Prado”, E. Məmmədli və M. Mirəliyevə isə BMV markalı avtomobillər bağışlanılıb.
0