7-ci gündə, 7-ci medal
13.09.2008 - 10:40
7-ci gündə, 7-ci medal
Bakı. Aqşin Əliyev - APA-Sport. XIII Pekin Yay Paralimpiya Oyunlarının 7-ci günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. “APA-Sport”un məlumatına görə, bu dəfə 2004-cü il Afina Olimpiadasının qalibi atlet Oleq Panyutin fərqlənib.

25 yaşlı həmyerlimiz uzunluğa tullanma yarışında qüvvəsini sınayıb. Altı dəfə cəhd göstərən Panyutin 7.06 metrlik nəticə göstərib. O, Səudiyyə Ərəbistanın təmsil edən Osamah Alşanqiti ilə eyni uzaqlığa tullanıb. Lakin Oleq cüzi fərqlə rəqibindən geri qalıb.

Birinci yerin sahibi Hilton Langenhoven (CAR) isə Panyutinin Afinada müəyyənləşdirdiyi paralimpiya rekordunu təzələyib - 7.31 metr. İdmançımız 4 il öncə 7.25 metr tullanaraq, qızıl medala layiq görülmüşdü.

Beləliklə, 7-ci mükafatına (1 qızıl, 3 gümüş, 3 bürünc) qovuşan Azərbaycan medal qazanan ölkələrin siyahısında yenə 32-ci pillədə qərarlaşıb. Panyutindən öncə üçtəkanla tullanma yarışlarında mübarizə aparan atletlərimiz Zeyniddin Bilalov 2-ci, Vladimir Zayets isə 3-cü yeri tutmuşdu. Bundan başqa, Pekin Paralimpiadasında cüdoçularımızdan İlham Zəkiyev qızıl, Tofiq Məmmədovla Kərim Sərdarov gümüş, Ramin İbrahimov bürünc mükafata sahib çıxıb.