Şəhriyar Məmmədyarov “şeytanın qıçını sındırdı”
26.12.2008 - 00:51
Şəhriyar Məmmədyarov “şeytanın qıçını sındırdı”
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Elista şəhərində keçirilən Qran-Pridə ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı həmyerlimiz yarışın X turunda ağ fiqurlarla ukraynalı Pavel Elyanovu üstələyib. Bundan əvvəlki 9 oyunda 8 heç-heçə etmiş və 1 partiyada məğlub olmuş Məmmədyarovun qalib gəlməsinə 41 gediş kifayət edib.

Eyni zamanda, digər təmsilçimiz Teymur Rəcəbov da aktivinə 1 xal yazıb. O, Yevgeni Alekseyevə (Rusiya) məğlubiyyət acısı daddırıb. Əvəzində, lider Vüqar Həşimov uğursuzluğa düçar olub. Onun məğlubiyyətsiz oyunlar seriyasına macarıstanlı Peter Leko son qoyub.

Nəticədə Rəcəbov liderlər qrupuna qayıdıb. Beynəlxalq qrossmeysterimiz hazırda 6,5 xalla daha iki şahmatçı ilə birgə 1-3-cü pillələri bölüşdürür. Həşimov 6 xalla 4-cü sırada qərarlaşıb. Hesabında 5 xal olan Məmmədyarov isə 6-10-cu yerləri tutur.

Bu gün Vüqar və Şəhriyar müvafiq olaraq, Dmitri Yakovenko və Yevgeni Alekseyevlə (hər ikisi Rusiya) qarşılaşacaq. Teymur isə Yu Vanı (Çin) sınağa çəkəcək. 13 turdan ibarət Qran-Pri dekabrın 28-də başa çatacaq.
0