Şəhriyar Məmmədyarovun mədəniyyəti
26.12.2008 - 14:05
Şəhriyar Məmmədyarovun mədəniyyəti
Rusiyanın Elista şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin veb-saytının əməkdaşları maraqlı sorğu keçiriblər. Apasport.az saytının məlumatına görə, yarış iştirakçılarına “Şahmatçılardan dünya çempionatının oyunlarına rəsmi geyimdə çıxmalarını tələbə etməyin yeri varmı?” sualı ünvanlanıb.

Maraqlıdır ki, yarışa qatılan Azərbaycan şahmatçılarından Teymur Rəcəbov məlum olmayan səbəbdən sorğuda iştirak etməyib. Digər iki təmsilçimiz isə suala dolğun cavab verib.

Vüqar Həşimov: “Fikrimcə, belə tələbi bütün böyük yarışların reqlamentinə daxil etmək lazımdır. Qrossmeysterlər ciddi geyimdə çıxış etməlidirlər. Əlbəttə, belə yenilik bəzilərinin ürəyincə olmayacaq. Amma alışmaq lazımdır, axı, biz insanlar üçün oynayırıq. Kostyum və qalstukda görüşə çıxmaq problem deyil. Onsuz da, oyun başlayandan sonra hər şey yaddan çıxır. Şahmat bu mənada digər idman növlərindən fərqlənir”.

Şəhriyar Məmmədyarov: “Otuz-qırx il əvvəl güclü qrossmeysterlər yarışlarda kostyum və qalstukda çıxış edirdilər və bu, hamının xoşuna gəlirdi. Şahmat yalnız idman və oyun deyil, mədəniyyət, incəsənətdir. Ona görə də, bu qədim oyunun iştirakçıları yaxşı görünməlidirlər. Amma təəssüf ki, indi bütün qrossmeysterlər buna əməl etmirlər. Xüsusi ilə də gənc şahmatçılar bir-birinə baxıb, daha sərbəst üslubda geyinməyə üstünlük verirlər. Sofiya şəhərində təşkil olunan ənənəvi superturnirdə artıq ciddi geyimlərlə çıxış etmək, müqavilədə şərt kimi irəli sürülüb. Buna heç kim etiraz etmir”.
0