Rəcəbov FİDE-nin yeni qərarlarına qarşı çıxır
29.12.2008 - 11:01
Rəcəbov FİDE-nin yeni qərarlarına qarşı çıxır
Rusiyanın Elista şəhərində Qran-Pri turnirinin qalibi olan Teymur Rəcəbov çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı qrossmeyster cəmi bir oyun istisna olmaqla, yaxşı mübarizə apardığını bildirib.

“Birinci pilləni bölüşdürdüm. Deməli, nəticəni uğursuz adlandırmaq düzgün olmazdı. Yarışda kifayət qədər güclü oyun göstərdiyimi düşünürəm. Yalnız Ernesto İnarkiyevə məğlubiyyətə görə təəssüflənirəm. Seytnotda səhvə yol verdim və qalib gəlməli olduğum oyunu uduzdum. Digər partiyalardan razıyam. Vladimir Akopyanla görüşə də yorğun və hazırlıqsız çıxmışdım. Prinsipcə, turniri hesabıma yaza bilərəm. Həm birinciliyi bölüşdüm, həm də reytinqimi artırdım. Göstərdiyim oyunun keyfiyyəti də kifayət qədər yüksək idi” – deyə Rəcəbov vurğulayıb.

Həmyerlimiz FİDE-nin dünya çempionatı ilə bağlı son yeniliklərinə də toxunub. Rəcəbov əvvəlki sistemi daha münasib saydığını deyib: “Fikrimcə, Qran-Prinin qalibinin dünya kubokunu qazanan şahmatçı ilə oynaması daha məqsədəuyğun variantdır. Yeni sistem isə iddiaçıların turniri kimi yorucu mübarizə deməkdir. Hərçənd, 8 qrossmeysterin dueli də maraqlı olardı. Mənim üçün qələbədən başqa, heç nəyin əhəmiyyəti yoxdur”.
0