Depressiyaya düşən həmyerlimiz rəsmən “Verder”də!
22.01.2009 - 00:11
Depressiyaya düşən həmyerlimiz rəsmən “Verder”də!
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın “Verder” klubu ilə müqavilə bağlayıb. Bu haqda apasport.az saytına idmançının atası Həmid Məmmədyarov məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı beynəlxalq qrossmeyster Bremen şəhərinin komandasında fevralda debüt edəcək.

“Ötən ilin dekabrında keçirilən Qran-Pridəki zəif nəticədən sonra Şəhriyar özünə qapanıb. Bu səbəbdən mətbuatla ünsiyyətdən yayınır. Ancaq onun “Verder”ə keçidi dəqiqdir və Almaniya çempionatında iştiraka razılıq verib. Müqavilənin şərtlərinə əsasən, o, gələn ayın axırlarında Bundesliqada iki oyun keçirəcək” - deyə Həmin Məmmədyarov vurğulayıb.

Amma Şəhriyar Almaniyaya bir qədər erkən, yanvarın sonlarında gedəcək. Həmvətənimiz orada seans verəcək, həmçinin bir sıra tədbirlərə qatılacaq.

Qeyd edək ki, Məmmədyarov 2008-ci ilin oktyabrında Yunanıstanda təşkil olunmuş klublararası Avropa kubokunda “Alkaloid”in (Makedoniya) şərəfini qoruyub.
0