Rəşad Babayev Azərbaycanın ən güclü şahmatçısı oldu
22.01.2009 - 19:15
Rəşad Babayev Azərbaycanın ən güclü şahmatçısı oldu
Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, yarışda qələbə uğrunda 10 idmançı mübarizə aparıb.

Qızıl medala Rəşad Babayev layiq görülüb. Son turda Azər Mirzəyevlə heç-heçə oynayan Babayev 6,5 xalla birinci yeri tutub. Fərid Abbasov isə 9 mümkün xaldan 6-nı toplayaraq, gümüş medal qazanıb.

Federasiya rəhbərliyi ilk 5 pillə üçün müvafiq olaraq, 4000, 2500, 2000, 800 və 700 manat pul mükafatı ayırıb. Qadınların çempionatı sabah başa çatacaq. Sabah, həmçinin federasiya rəhbərliyi qalibləri mükafatlandıracaq.

Qeyd edək ki, kişilərin yarışına müəyyən səbəblər üzündən milli komandamızın üzvləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov qatılmayıblar.
0