Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
30.01.2009 - 18:05
Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Azərbaycan 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini verəcək. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərlə görüşdə gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimov bildirib ki, bununla bağlı real işlərə hələ başlanılmayıb: “Olimpiada keçirmək məqsədilə namizədliyimizi mütləq verəcəyik. Amma bu istiqamətdə real iş görmək hələlik tezdir. Çünki 2016-cı il olimpiadasının ev sahibinin adı bu ilin sentyabrında Kopenhagendə açıqlanacaq. Bundan dərhal sonra işə başlayacağıq”.

Nazir 2020-ci il yay olimpiya oyunlarının namizədliyin irəli sürülməsi üçün Bakı şəhər rəhbərliyinin qərarının vacib olduğunu söyləyib: “Təbii ki, əgər rəhbərlik qərar verərsə, biz də bunu dəstəkləyəcəyik”.

Qeyd edək ki, ölkəmiz 2016-cı il olimpiadasına da namizədliyini vermişdi. Lakin Bakı seçmə mərhələnin ilk mərhələsində uduzaraq, XXXI Olimpiadanı keçirmək şansını qaçırmışdı.
0