Rövşən Bayramov Fransada gümüş medal qazandı
02.02.2009 - 11:30
Rövşən Bayramov Fransada gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçiləri Fransada keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, iki günlük mübarizənin yekununda Bəhram Mürvətovun yetirmələri 9 medal qazanıblar.

Pəhləvanlarımızdan Elçin Əliyev (55 kq), Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (96 kq) birinci, Rövşən Bayramov (60 kq), Elvin Mürsəliyev (74 kq) ikinci, Fuad Əliyev, Rəsul Cunayev (hər ikisi 66 kq), Denis Mişin (96 kq) və Cəlal Bahadurov (120 kq) isə üçüncü yeri tutublar.

Bu, Pekin Olimpiadasında 55 kq çəki dərəcəsində gümüş medala layiq görülmüş Rövşən Bayramovun son 6 ayda ilk yarışı olub. Amma baş məşqçi onun öz çəkisində deyil, 60 kq-da güləşməsini məqsədəuyğun sayıb. Yığmamız Fransada komanda hesabında meydan sahiblərinin ardından 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.