Mariya Stadnik: Avropa çempionu olmaq mənim üçün asan idi
06.04.2009 - 16:05
Mariya Stadnik: Avropa çempionu olmaq mənim üçün asan idi
“Avropa çempionatı mənim üçün elə də ağır olmadı. Belə qarşılaşmalar mənə adi gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının heyətində Avropa çempionu olmuş güləşçimiz Mariya Stadnik deyib.

Litvanın paytaxtı Vilnüsdən bu gün Bakıya dönən xanım pəhləvan Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın ukraynalı legioneri bildirib ki, Avropa çempionu titulunu ardıcıl ikinci dəfə qazanması bir o qədər də çətin olmayıb: “Finaldakı rəqibim olan rumıniyalı güləşçi zəif idi. Bununla belə, həmin həlledici görüşə yaxşı köklənmişdim və nəticədə asanlıqla qələbə qazandım. Qarşıda məsul sınaqlarımız var. İyulda Bakıda “Qızıl Qran-Pri”nin final mərhələsi keçiriləcək. Ardından isə dünya çempionatında çıxış edəcəyik. Bu yarışlarda da Azərbaycanı layiqincə təmsil edib, qalib gəlməyi qarşıma məqsəd qoymuşam”.

Kişilər arasında sərbəst güləş növündə Avropa çempionu olan Xetaq Qazyumov isə bu uğuru ikiqat sevinclə qarşılayıb: “Çünki həm şəxsi, həm də komanda göstəricində 1-ci olduq. Artıq qarşıdan gələn dünya çempionatı haqda düşünürük. Əsas vəzifəmiz orada da nəticə qazanıb, ümidləri doğrultmaqdır. Bunun üçün yaxşı hazırlaşacağıq. İnanıram ki, yenə üzərimizə düşən vəzifənin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, Stadniklə Qazyumov ötən ilin avqustunda Pekində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.