“Ola bilsin ki, Elnur Məmmədli hardasa nəsə alıb...” - MÜSAHİBƏ
10.04.2009 - 13:57
“Ola bilsin ki, Elnur Məmmədli hardasa nəsə alıb...”   - MÜSAHİBƏ
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadənin apasport.az saytına müsahibəsi

- Aprelin sonlarında Gürcüstanda növbəti Avropa çempionatı keçiriləcək. Cüdoçularımızın qitə birinciliyinə hazırlığı necə gedir?
- Hazırlığa bu ilin yanvarından başlamışıq. Ötən ilin dekabrında Azərbaycan çempionatı keçirildikdən sonra əsas heyət üzvlərini yox, elə yeni çempionları bir araya gətirdik. Bəzən söz-söhbətlər olur ki, niyə liderlər ölkə çempionatında iştirak etmirlər? Bu, bizim öz fikrimiz idi ki, yığmaya düşməyənləri, gənc cüdoçuları yoxlamaq istəyirdik. Bəziləri isə bunu başa düşmürlər. Hətta telekanalların birində tənqidi veriliş efirə getdi. Halbuki, biz liderlərə istirahət verməklə, digər cüdoçularımızın potensialını öyrənmək niyyətində idik. Yəni, bilmək istəyirdik ki, yığmanın əsas üzvlərindən başqa kimimiz var. Bu təcrübə xaricdə də mövcuddur. Məsələn, Fransa, Almaniya çempionatında olimpiya mükafatçıları çıxış etmədilər. Bizdə isə belə bir hal olan kimi, başlayırlar tənqidə. Çempionatdan sonra yanvar ayında Tiflisdə keçirilən Dünya Kubokuna 17 idmançı ilə yollandıq. Həmin yarışda uğursuzluq yaşadıq demək olar, medal uğrunda güləşən cüdoçumuz da olmadı. Bu onu göstərirdi ki, gənclərlə işləmək lazımdır. Elələri var deyir ki, burda hazırlaşın. Mən də soruşuram: burda harada hazırlaşaq? Sparrinq-rəqiblər yoxdur. Elnur Məmmədli, Mövlud Mirəliyev kimi cüdoçularımız təlim-məşq toplanışları zamanı sparrinq-rəqiblərlə görüşdə forma yığırlar. Tiflisdən sonra Fransa və Almaniyada turnirlərdə mübarizə apardıq və nailiyyətlər qazandıq. Bu yaxınlarda isə Zaqatalada beynəlxalq təlim-məşq toplanışında olduq. Bütün bunlar Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.

- Zaqataladakı təlim-məşq toplanışını Azərbaycan cüdosu üçün tarixi hadisə adlandırmaq olarmı? Hər halda, indiyədək bizdə belə toplanış keçirilməyib.
- Həqiqətən də Azərbaycanda belə mötəbər beynəlxalq təlim-məşq toplanışı olmamışdı. 10 gün ərzində 6 ölkədən 90 cüdoçu Zaqatala Olimpiya Kompleksində hazırlaşdı. Orada hər cür şərait - qidalanma, məskunlaşma, trenajor zalı, stadion, sauna var idi. Yəni, idmançılar nəqliyyat və ya başqa problemlərlə üzləşmədilər. Gənc cüdoçularımızın yarışa getməsini planlaşdırmışdıq. Amma bunu təxirə saldıq. Çünki Zaqataladakı təlim-məşq toplanışı onlar üçün yarışdan daha çox xeyirli oldu.

- Pekin Olimpiadasından ötən 8 ay müddətində cüdoçularımız beynəlxalq yarışlarda və təlim-məşq toplanışlarında iştirak ediblər. Hazırda yığmada əsas problemlər hansılardır? Hansı çəki dərəcələrində çatışmazlıqlar var?
- 60 kq çəkidə problem mövcuddur. 66 kq-da isə Ramil Qasımov güləşir. O, olimpiadadan sonra cərrahiyyə əməliyyatı olunmuşdu. Ramil bu il qatıldığı ilk turnirdə, Hamburqda keçirilən Qran-Pridə inamlı təsir bağışladı və bürünc medala sahib çıxdı. Fikrimcə, Qasımov tam sağaldıqdan sonra turnirlərdə daha yaxşı çıxış edəcək. 73 kq-da Azərbaycan çempionu Elçin Qasımov qüvvəsini sınayacaq. 81 kq-da Avropa çempionatında Elxan Rəcəbli güləşəcək. Dünya çempionatına isə Elnur Məmmədlini aparmağı nəzərdə tutmuşuq. Olimpiya çempionu olan Məmmədlinin çəkisinin 73 kq-dan 81 kq-a dəyişdirilməsi idmançının orqanizminin böyüməsi ilə əlaqədardır. Elə insanlar var ki, bunu anlamırlar. Deyirlər ki, idmançı elə eyni çəkidə qalmalıdır. Amma Elnur bədən quruluşuna, fiziki göstəricilərinə görə 81 kq çəki dərəcəsinə uyğun gəlir. Hesab edirəm ki, o, bu çəkidə də zəif olmayacaq. Son 4 ayda Yaponiyada, Fransada, Almaniyada keçirilən təlim-məşq toplanışları göstərdi ki, Məmmədli 81 kq-da da güləşə bilər. Həm də Elnur olimpiadaqabağı Moskvada baş tutmuş Dünya Kubokunda məhz 81 kq-da bürünc medal qazanmışdı.

- Belə çıxır ki, Elnur Məmmədli təkcə dünya çempionatında yox, gələcək yarışların hamısında 81 kq-da mübarizə aparacaq?
- Bunu qarşıdakı proseslər göstərəcək. Düşünürük ki, qitə birinciliyindən sonra dünya çempionatınadək 2 turnirdə çıxış edək. Rumıniyada və İtaliyada təşkil olunacaq yarışlara qatılmağı planlaşdırmışıq. Çox güman ki, Elnur bu turnirlərdə 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

- Ancaq yığmamızda ən ağır çəkidəki problem aktuallığını qoruyur...
- 90 kq-da milli komandanın əsas üzvü Elxan Məmmədovdur. 100 kq-da Avropa çempionatına Elmar Qasımov aparılacaq. O, gənc və perspektivli cüdoçudur. Tərifləmək olmasın, Elmar son yarışlarda özünü yaxşı tərəfdən göstərib, olimpiada və dünya çempionatının mükafatçılarına qalib gəlib. Ancaq hər halda, dünya çempionatında 100 kq-da Mövlud Mirəliyev güləşəcək. 100 kq-dan artıq çəkidə isə beynəlxalq səviyyəli idmançımız yoxdur. Açığı, Zaqataladakı təlim-məşq toplanışında da bu baxımdan çətinlik çəkdik. Hətta Fransa yığması bunu nəzərə alaraq, ağır çəkili cüdoçuları ölkəmizə gətirməmişdi.

- Sizcə, nəyə görə bizdə ağır çəkidə idmançı qıtlığı yaranıb?
- Klublar, cəmiyyətlər baxmırlar. Bu çəkidə cüdoçu tapmaq, yetişdirmək lazımdır. Məsələn, qonşu Gürcüstan komandasında ağır çəkidə problem yoxdur. Ancaq bizdə Mövlud Mirəliyevdən sonra yalnız Elmar Qasımovu göstərmək olar. Bu çəkidə qalan cüdoçular fiziki və taktiki cəhətdən çox zəifdirlər, Mövludun heç yarı gücündə deyillər.

- 81 kq-da uzun müddət Mehman Əzizov çıxış edib. Onun karyerasını başa vurmasından sonra bu çəkidə Elxan Rəcəbli yer alır. Amma Rəcəbli heç də sabit cüdoçu sayılmır. Bu problemi necə aradan götürmək fikrindəsiniz?
- Elxan Fransada keçirilmiş yarışda 90 kq-da mübarizə apardı, lakin uğursuzluğa düçar oldu. Ardından yenə 81 kq-a qayıtdı. Burada da heç nə alınmadı. Buna baxmayaraq, ona hələ də şans veririk. Mənə elə gəlir ki, 81 kq-da yığmanın əsas üzvü Elnur Məmmədli olacaq.

- Bəs qadınlarda vəziyyət necədir?
- Kifayət Qasımovadan sonra real namizədimiz yoxdur. Yeniyetmə, gənc qızlar arasında yaxşı cüdoçular var idi. Ancaq Ramilə Usubova, Gözəl Zutova da daxil olmaqla, onlardan heç biri yüksək səviyyəyə qalxa bilmədilər. İndi isə gecdir, onların nə vaxtları var, nə də şansları. Ramiləni 1 il ərzində bütün yarışlara apardıq, amma ümidləri doğrultmadı. O, yeniyetmələr arasında Avropa çempionu olmuşdu. Sonra keçid dövrü, həmçinin çəkisini dəyişməsi Usubovanın zəifləməsinə səbəb oldu.

- Hazırda Elnur Məmmədlinin durumu necədir?
- Hər şey qaydasındadır. Onun durumu hamını maraqlandırır. İmkanlarına, fiziki göstəricilərinə, texnikasına görə Elnur 81 kq-da da uğur qazanacaq.

- Olimpiya çempionumuzun çəkisinin artdığı hiss olunur. İndi onun çəkisi nə qədərdir?
- Normaldır, çox deyil. Əlbəttə, çəki baxımından o vaxtkı Elnurla indiki arasında fərq var. Çünki orqanizmdə inkişaf gedir. Elnuru əvvəllər kimsə görmürdü, heç yada salan da yox idi. Onu tanımırdılar, necə sifətdə olduğunu bilmirdilər. Hazırda Məmmədli əvvəlki çəkisindədir. Bundan öncə də o, 82, 83, 84 kq idi. O vaxtkı Elnuru görüblər, ona görə indi deyirlər ki, o, kökəlib.

- Yəqin ki, Elnuru sizdən yaxşı tanıyan yoxdur. Olimpiadan sonra onun insani keyfiyyətlərində dəyişiklik olmayıb? Bəzən bizdə belə hallara rast gəlmək mümkündür. Hansısa idmançımız uğur qazanır, ardından “ulduz xəstəliyi”nə tutulur. Hərəkətləri, xarakteri mənfiyə doğru dəyişir. Elnurda belə problem yoxdur?
- Mən onda dəyişiklik görməmişəm. Ola bilsin ki, hardasa nəsə alıb, nəsə geyinib. Bu, insanın xarakter cəhətdən dəyişməyi demək deyil. Mənə də hərdən deyirlər ki, sən də dəyişmisən. Mən dəyişməmişəm, həmin insanam. Ancaq bəlkə də nə vaxtsa əsəbi olmuşam, öz işimə tələbkar olmuşam və bu, bəzilərində yanlış təəssürat yaradıb. Olimpiada oldu-keçdi də, biz məşqçi və ya idmançı kimi niyə dəyişməliyik ki? Elnur bizimlə birgə Pekin Olimpiadasından sonra xaricdə, Yaponiyada, Fransada olub. O, eyni adamdır, əvvəlki kimi, şən, zarafatcıl, deyib-güləndir. Məşqlərə də vaxtında gəlir. Özü də məşqdə gizlənmir, bütün gücünü sərf edir.

- Yeri gəlmişkən, Elnur Məmmədli ilə Mövlud Mirəliyev hansı səbəbdən Avropa çempionatında tatami üzərinə çıxmayacaqlar?
- Onlara istirahət vermişik. İndi yavaş-yavaş məşqlərə başlayırlar.

- Ehtiyat etmirsiniz ki, belə uzun müddətli istirahət həm Elnurun, həm də Mövludun gələcək nəticələrinə mənfi təsir göstərə? Axı, onlar Pekin Olimpiadasından bəri heç bir yarışa qüvvələrini sınamayıblar...
- İstirahət deyəndə, onlar heç də tam istirahətdə deyillər. Elnur və Mövlud Yaponiyada, Fransada, eləcə də Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak ediblər. Sadəcə, bu cüdoçuları rəsmi yarışlara buraxmamışıq. Onların təcrübəsi var. Fiziki formalarını isə hazırlıq proseslərində qoruyurlar.

- Ötən ilki Avropa çempionatında 1 gümüş, 1 bürünc medal qazanmışdıq. Bu dəfə qitə birinciliyində yetirmələrinizdən hansı nəticəni gözləyirsiniz?
- Əsasən Ramil Qasımov, Elxan Məmmədov, Elmar Qasımovun uğurlu çıxışına ümid bəsləyirəm. Digər cüdoçularımız da medal qazana bilərlər. Amma istənilən halda, biz onları yarışa aparmalıyıq. Azərbaycan çempionu titulunu qazanan idmançı beynəlxalq turnirlərdə iştirak hüququna malikdir. Biz özümüz də güləşmişik, yarışlara aparılmayanda cüdoçunun ruhdan düşdüyünü bilirik. Yəqin ki, dünya çempionatında başqa idmançıların xidmətindən yararlanacağıq. Hər şey cüdoçuların özlərindən asılıdır. Sevindirici haldır ki, bizdə legioner yoxdur. Çalışırıq ki, milli komandanı ancaq yerli cüdoçulardan formalaşdıraq. Düzdür, xaricdən təkliflər alırıq, tanınmış cüdoçular yığmamızın şərəfini qorumaq istədiklərini bildirirlər...

- Hansı ölkələrdən bizə dəvət gəlib?
- Əsasən rusiyalı idmançılardan belə təkliflər alırıq. Bir neçə rusiyalı Azərbaycan çempionatında iştirak etmək istəyirdi. Lakin onların pasportları olmadığından, yarışa buraxılmadılar.

- Bəs siz özünüz yığmada əcnəbi cüdoçunun yer almasını istəyirsiniz?
- Yox, istəmirəm. Öz idmançılarımız var da. Əgər nə vaxtsa cüdomuzun səviyyəsi aşağı düşərsə, onda bu haqda düşünərik.
0