Hər azərbaycanlı güləşçiyə 50 min dollar mükafat!
16.04.2009 - 11:26
Hər azərbaycanlı güləşçiyə 50 min dollar mükafat!
Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın hər bir güləşçisinə 50 min dollar mükafat verilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Bolqarıstan mətbuatında yazı dərc edilib.

Azərbaycan yığmasının qitə birinciliyindəki çıxışına həsr edilmiş məqalədə həm sərbəst, həm də yunan-Roma güləşçilərimizdən bəhs olunub. Sərbəst güləşdə böyük uğur qazanan milli komandamızın yunan-Roma növündə zəif təsir bağışladığı vurğulanıb: “Azərbaycan sərbəst güləşdə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Lakin bu mükafatçılardan yalnız biri yerli idmançı olub. Digərləri isə Rusiyadan gələn legionerlər idi. Uğursuzluq yaşayan yunan-Roma güləşindəki yeganə mükafatı isə gürcüstanlı Şalva Qadabadze əldə edib”.

Uğursuz çıxışın məşqçilər korpusundakı dəyişikliklərə səbəb olduğunu nəzərə çatdıran bolqar həmkarlarımız qitə çempionlarımıza verilən mükafatları da qeyd ediblər: “Litvada Avropa çempionu olan güləşçilərin hərəsi 50 min dollar mükafat qazanıb”.

Mükafatların məbləği barədə yazılanlara Azərbaycan Güləş Federasiyasının rəhbərliyi öz münasibətini bildirib. Qurumun mətbuat xidmətindən apasport.az saytına bildirilib ki, pəhləvanlarımıza təqdim olunan pul mükafatlarının məbləğinin açıqlanması məqsədəuyğun deyil: “Həqiqətən də Avropa çempionatından sonra yığmanın üzvlərinə pul mükafatları verilib. Lakin federasiya rəhbərliyi həmin mükafatların məbləğlərinin açıqlanmasını məqsədəuyğun saymır”.

Xatırladaq ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq), qadınlardan ibarət yığmamızdan isə Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mənbə: www.sportal.bg