“Mən qəribə oynayıram, risk edirəm”
27.04.2009 - 12:39
“Mən qəribə oynayıram, risk edirəm”
“Mən qəribə oynayıram. Fəal şahmat oynamağa, risk etməyə çalışıram. Qalan partiyalarda da eyni cür çıxış etmək fikrindəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmat yığmasının üzvü Şəhriyar Məmmədyarov deyib.

Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Pridə ölkəmizi təmsil edən 24 yaşlı idmançı öz oyun üslubundan danışıb. O, riski xoşladığını gizlətməyib: “Sabah nə olacağını deyə bilmərəm. Amma azarkeşlərimdən xahiş edirəm ki, məni düzgün başa düşsünlər: indi qalib gəlmək çətindir, qələbə üçün risk etməlisən. Buna görə də tez-tez uduzuram. Hər halda, belə oynamaq mənim xoşuma gəlir. Çalışıram ki, daha çox qələbə qazanmaqla, azarkeşlərimi sevindirim”.

Məmmədyarov bildirib ki, yarışın X turunda da rusiyalı Pyotr Svidleri risk sayəsində üstələyib: “Rəqibim debütdə zəif təsir bağışladı. Sonra o, çoxlu fikirləşdi və yaxşı gediş etdi. Svidler seytnota düşəndə isə mən risk etməyə başladım. Axırlara yaxın rəqib vaxt azlığından səhvlərə yol verdi. Halbuki o, yaxşı gedişlər etsəydi, oyun bərabərləşəcəkdi”.

Qeyd edək ki, Şəhriyar sona 3 tur qalmış 14 şahmatçı arasında 5 xalla 6-9-cu pillələri bölüşdürür.
0