“Elnur Məmmədli qızıl-brilyantdır ki, gizlədək?” - MÜSAHİBƏ - FOTO
28.04.2009 - 11:14
“Elnur Məmmədli qızıl-brilyantdır ki, gizlədək?” - MÜSAHİBƏ - FOTO
Bu gün səhər saatlarında cüdo üzrə Azərbaycan milli komandası Gürcüstanın paytaxtı Tbilisidə başa çatan Avropa çempionatından qayıdıb. Yığmamızın baş məşqçisi Ağayar Axundzadə Lent.az-a müsahibəsində qitə çempionatında mübarizə aparmış 6 kişi və 1 qadın cüdoçumuzun çıxışları, zəif nəticənin səbəbləri haqda danışıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elnur Məmmədlinin hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb:

- Avropa çempionatında cüdoçularımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Yarışın ilk iki günü bizim üçün uğursuz alındı. Qitə çempionatında əsasən, Ramil Qasımov (66 kq) və Elxan Məmmədova (90 kq) ümid edirdik. Çünki hər ikisi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı idilər. Elxan Pekin olimpiadasında 9-cu yeri tutmuşdu. Tbilisidə Ramil ilk görüşdəcə qızıl xalla uduzdu və yeni qaydalara əsasən, çıxışını davam etdirə bilmədi. Məmmədov isə bürünc medal qazandı.

- Bir bürünc medal normal nəticədir?
- Ötən il Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Avropa çempionatında Elxan Məmmədov gümüş, Kifayət Qasımova (57 kq) isə bürünc medal qazanmışdı. Buna əsasən, əlbəttə, nəticə normal deyil. Amma Qasımova Tbilisiyə zədə üzündən yollana bilməmişdi. Həm də liderlərimiz Elnur Məmmədli ilə Mövlud Mirəliyev 26 - 30 avqustda Hollandiyanın Rotterdam şəhərində keçiriləcək dünya çempionatına hazırlaşdıqları üçün qitə birinciliyinə qatılmamışdılar. Onlar çıxış etsəydilər, nəticə daha yaxşı ola bilərdi. Digər tərəfdən, cüdoda Avropa ölkələrinin səviyyələri çox qalxıb. Hətta Estoniya, Latviya və Litva da qızıl, gümüş və bürünc medallar qazandılar.

- Cüdoçularımızdan 4-ü – Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Usubovanın (63 kq) qarşısını məhz Almaniya cüdoçuları kəsdi. Bunu Almaniya təmsilçilərinə qarşı cüdoçularımızda bir xofun olması ilə əlaqələndirmək olarmı?
- Fransa, Hollandiya, Rusiya ilə yanaşı, Almaniya cüdoçuları da Avropanın ən güclüləri sırasında yer alıblar. Püşk elə gətirdi ki, 7 cüdoçumuzdan 4-ü almaniyalı rəqibləri ilə qarşılaşdı. Nəticədə güclü rəqiblərinə məğlubiyyətdən qurtula bilmədilər. Püşkatmanın nəticəsi belə oldu. Amma ola bilərdi ki, başqaları ilə də qarşılaşsınlar. Məsələn, Elmar Qasımovun (100 kq) uduzduğu Rusiya təmsilçisi Tagir Xaybulayev sonradan Avropa çempionu oldu.

- Avropa çempionatında olimpiya çempionları da iştirak edirdi. Amma Pekin olimpiadasının qalibi Elnur Məmmədli qitə birinciliyinə getməmişdi. Hətta o, Azərbaycan çempionatına da qatılmadı. Məmmədlini bu qədər qorumağa, yarışlara aparmamağa ehtiyac varmı?
- Pekin olimpiadasınadək Elnur 4 il müddətində zədəli halda məşq edib. O da insandır. Robot deyil ki... Bu yaxınlarda cərrahiyyə əməliyyatı keçirib. Biz yalnız fikirləşirik ki, Elnur niyə güləşmədi? Avropa çempionatında çıxış edən olimpiya çempionlarının hamısı uduzub çıxdılar. Heç biri yer tuta bilmədilər. Biz isə tələsirik. Vaxtı gələndə o da çıxış edəcək. Məgər Elnur Məmmədli qızıl-brilyantdır ki, gizlədək? Yaponiya, Fransa, Almaniyada keçirilən təlim-məşq toplantılarında iştirak edib. Evdə yeyib-yatmır ki...

- Amma belə söz-söhbətlər yayılıb ki, Elnur Məmmədlinin çəkisi 96 kq-a yüksəlib. Çəkisini 73 kq-a sala bilməyəcəyini duyduqdan sonra onun bir çəki yuxarıya, 81 kq-a keçirilməsinə qərar vermisiniz?
- 96 kq? O söz-söhbəti yayanlar Elnurun çəkisini məndən yaxşı bilirlər ki? Əlbəttə, Məmmədli yenə 73 kq çəkidə ola bilməz. Pekin olimpiadası öncəsi onun çəkisini 81-83 kq-dan 73 kq-a saldırdıq. Məgər Elnur cırtdan, liliput-zaddır ki, 73 kq-da qalsın?
0