Sərbəst güləşçilər qan saldı
13.05.2009 - 12:51
Sərbəst güləşçilər qan saldı
Rusiyada keçirilən sərbəst güləş üzrə növbəti yarış faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Dağıstanda təşkil olunan ənənəvi turnir 1500-ə yaxın adamın qatıldığı dava-dalaşla müşayiət olunub. Nəticədə bir nəfər qətlə yetirilib və 4 nəfər ciddi xəsarət alıb.

Belə ki, Kayakent rayonunda keçirilən yarışda Utamiş və Qerq kəndlərinin idmançıları üz-üzə gəlib. Məğlub olan sonuncu bunu hakim səhvi ilə bağlayaraq, mübahisəyə girişib. Sonradan davaya çevrilən mübahisəyə nəinki tədbirdə iştirak edənlər, hətta səs-küyə qonşu kəndlərdən gələnlər də qoşulub. Belədə əsəbləri tarıma çəkilənlərdən biri Kalaşnikov avtomatını götürərək yerə atəş açıb. Yerdən sıçrayan güllələr bir neçə nəfərin yaralanmağına səbəb olub ki, onlardan biri sonradan dünyasını dəyişib. Qerq şəhərinə gələn milis əməkdaşları və OMON-çular 1500 yaxın insan qarşısında çətinliklə üzləşib. Müqavimət göstərən davakarlar rayon daxili işlər idarəsinin rəisini də yaralayıb. Sonda OMON kəndə nəzarəti ələ keçirə bilib və məsələylə bağlı cinayət işi açılıb.
0