“Ramiresdən rusiyalının qisasını almağa hazıram!” MÜSAHİBƏ
15.05.2009 - 10:16
“Ramiresdən rusiyalının qisasını almağa hazıram!” MÜSAHİBƏ
Sabah Buenos-Ayresdə argentinalı Viktor Emilio Ramireslə döyüşəcək azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun müsahibəsi

- Sabah WBO versiyası üzrə dünya çempionu adı uğrunda argentinalı Viktor Emilio Ramireslə görüşəcəksiniz. Rəqibiniz haqda nə deyə bilərsiniz?
- Ramires çox perspektivli boksçudur. Hələ gənc olmasına baxmayaraq, kifayət qədər güclü idmançı sayılır. Bir sözlə, mənə heç də asan olmayan rəqib düşüb. Təkcə onun yanvarda çempion tituluna sahib çıxması çox şeydən xəbər verir. Amma nə olsun, mən bu kəməri ondan almağa çalışacağam.

- Yeri gəlmişkən, rəqibin kəməri qazanmaq üçün rusiyalı Aleksandr Alekseyevi məğlub edib. Aleksandrın qisasını almağa çalışacaqsınız?
- Təbii ki, buna hazıram. Axı, Alekseyev mənim ən yaxşı həmyerlimdir.

- Peşəkar boksda Ramiresi “naməlum varlıq” adlandırırlar. Çünki o, istənilən an rəqibinə gözlənilməz sürpriz göstərə bilər. Belə gözlənilməzliklərə hazırsınız?
- Ən böyük sürpriz Ramiresin döyüşün hökmən vətənində - Buenos-Ayresdə keçirilməyi ilə bağlı şərti idi. Təsəvvür edirsiniz də, onun böyük dəstəyi olacaq. Bu isə mənim işimi ikiqat artıracaq.

- Döyüşə necə hazırlaşmısınız?
- Hazırlığım iki mərhələdən ibarət oldu. Birincisini Azərbaycanda, sonuncunu Sankt Peterburqda keçirdim. Təkcə məşq prosesi ilə kifayətlənməyib Ramiresin döyüşlərinin kasetlərini də izlədim. Bununla da onun döyüş üslubunu öyrənməyə çalışdım. Bir sözlə, döyüşə tam hazıram.

- Məhəmməd Əlinin sizə bağışladığı geyimlə bağlı məşhur əhvalatı danışa bilərsiniz?
- Bu uzun əhvalatdır. 1999-cu ildə Hyustonda keçirilən dünya çempionatında baş verib. Bürünc mükafatçı olduğum həmin yarışda da Məhəmməd Əli ilə görüşdüm. O məndən soruşdu: “Sənin də adın Əlidir?”. Mən bunu təsdiqləyəndə əfsanəvi boksçu mənə uğur arzulayıb, döyüşümü izləyəcəyini bildirdi. Onun izlədiyi vaxt mən qalib gəldim. O da xalatını imzalayıb mənə verdi ki, mənə uğur gətirsin. Bir il sonra oğlum olanda adını Məhəmməd Əli qoydum. 2000-ci ilin Sidney Olimpiadasında kumirimə bu haqda danışanda o təsirlənib ağladı.

Görüşü təşkil edən şirkətin vitse-prezidenti və Aleksandr Yaqupov da Əlinin sözlərini kəsir: “Əlinin hazırlıqları bir balaca sistemsiz alındı. Çünki döyüşün tarixi iki dəfə dəyişdirildi. Əvvəl aprelin 11-i, sonra mayın 9-na təyin olunan döyüş sonda mayın 16-na qaldı. Belə olan halda, bir problem yaranırdı. Əlinin vaxtından tez ən yaxşı formada olmağına imkan verməməli idik. Axı bundan sonra eniş qaçılmaz olur. Buna görə son iki həftədə bir balaca dayanmışdıq ki, Əli ideal formasına hələ çatmasın. İstənilən halda, hazırlıqda boşluq yarandı ki, bunu sınaq döyüşləri ilə aradan qaldırmaq istədik. Dörd belə döyüş təşkil edib funksional hazırlığı tənzimləməyə çalışdıq. İnanıram ki, buna nail olmuşuq. Mütəxəssis kimi deyə bilərəm ki, Buenos-Ayresdə favorit Əlidir. Düzdür, əcnəbi şərhçilər Ramiresi daha şanslı sayır. Amma qoy belə saysınlar, sabah rinq hər şeyə aydınlıq gətirəcək.