Azərbaycanlı olimpiya mükafatçısı Dünya Kubokundan uzaqlaşdırıldı
26.05.2009 - 15:28
Azərbaycanlı olimpiya mükafatçısı Dünya Kubokundan uzaqlaşdırıldı
Azərbaycanın güllə atıcılığı üzrə yığmasının oynayan-məşqçisi, Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı idmançımız İtaliyanın Milan şəhərində keçirilən Dünya Kubokunun təsnifat mərhələsinə buraxılmayıb. Buna Aşumovanın Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) qaydasını pozması səbəb olub.

Belə ki, həmvətənimiz ISSF-in 8.4.1.6.4-cü maddəsini pozub. Bu maddəyə əsasən, təsnifat mərhələlərində çaxmağın dartı qüvvəsinə nəzarət yoxlamaları həyata keçirilir. Qaydaya görə, dartı qüvvəsi xüsusi çəki daşı ilə yoxlanılır. Özü də bu yoxlama bütün iştirakçılara aid deyil. Püşk nəticəsində ən azı bir idmançı testə cəlb edilir. Bu dəfə Aşumovanın tapançasında çaxmağın dartı qüvvəsi yoxlanılıb.

Veteran güllə atıcımızın silahı ya testdən keçə bilməyib, ya da o, özü testi icra etməyi bacarmayıb. İdmançılar yalnız bu iki halda diskvalifikasiya olunurlar. Aşumova da məhz sözügedən maddəyə görə cəzalandırılıb. Onu 25 metrlik məsafədən kiçikçaplı tapança ilə hədəfə atəş açma yarışına buraxmayıblar. Əvəzində, İradə xanımın bacısı qızı Nigar Bağırova seçmə mərhələyə qatılıb.

Qeyd edək ki, Aşumova mayın 24-də Dünya Kubokunda 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açmada 379 xalla 25-ci yeri tutmuşdu.
0