Azad Rəhimov: Uelsə uduzmuşuqsa, bu, o demək deyil ki, dövlət proqramı icra olunmur - FOTO
09.06.2009 - 16:37
Azad Rəhimov: Uelsə uduzmuşuqsa, bu, o demək deyil ki, dövlət proqramı icra olunmur - FOTO
Bu gün “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində təşkil olunan toplantı bu il mayın 5-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq olunan dövlət proqramına həsr olunub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun giriş sözü ilə açdığı tədbirdə idman naziri Azad Rəhimov, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, təhsil nazirinin müavini Elmar Qasımov, şahmat üzrə beynəlxalq hakim Faiq Həsənov, yığmanın məşqçisi Fikrət Sideifzadə və qrossmeyster Şəhriyar Məmmədyarov çıxış ediblər. Onlar bu idman növünün son 40 il ərzində ölkəmizdəki inkişafından, dövlət başçısının bu işdəki xidmətlərindən, şahmatın ölkəmiz üçün nə qədər prioritet idman növü olmasından və uğurlu nəticələrdən, həmçinin bu proqramın beynəlxalq aləmdə də müzakirələrə səbəb olacağından bəhs ediblər. Eyni zamanda şahmatımızda mövcud olan çoxsaylı problemləri qabardan natiqlər ölkə prezidenti tərəfindən imzalanan proqramın bu çatışmazlıqların aradan qaldırılacağına əmin olduqlarını bildiriblər. Tədbirdə şahmat sarayının, bu idman növü haqda qəzetin, klub-komanda birinciliyinin, məşqçilərin sertifikatlaşdırılmağının, həmçinin orta məktəblərdə də şahmatın tədris olunmağının zəruriliyi də vurğulanıb.

Sonra nazir Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. O, Azərbaycan milli komandasının 4 gün əvvəl dünya çempionatının seçmə oyunundakı məğlubiyyəti xatırlayıb: “Futbolda mövcud olan dövlət proqramının icrası plan üzrə davam edir. Stadionlar inşa və təmir olunur, regional turnirlər təşkil olunur. Uelsə uduzmuşuqsa, bu, o demək deyil ki, dövlət proqramı icra olunmur”.