Rustavidə 5 medal qazandıq
16.06.2009 - 09:46
Rustavidə 5 medal qazandıq
Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə təşkil olunan yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda milli komandamızın üzvləri ilə yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, İsrail və Ermənistan idmançıları iştirak ediblər.

Məşqçilər Orxan Əliyev və Rasim Ağayevin rəhbərliyi altında pəhləvanlarımız 5 medal qazanıblar. Turnirin ən maraqlı məqamlarından biri 46 kq çəki dərəcəsində finalda azərbaycanlıların üz-üzə gəlməsi olub. Belə ki, həlledici qarşılaşmada Tural Həsənzadə yığmamızın digər üzvü Elvin Əliyevi məğlub edib. Bu çəkidə Sakit Quliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Qalan iki medala isə Babək Rəhimli (63 kq) və Fazil Zamanzadə (54 kq) sahib çıxıb. Onlar müvafiq olaraq, gümüş və bürünc qəniməti ələ keçiriblər.

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandamızın böyük məşqçisi Bəhram Mürvətovun sözlərinə görə, 58 və 63 kq çəki dərəcələri istisna olmaqla, digər çəki dərəcələrində turnirə heç də əsas pəhləvanlar yollanmayıblar: “İyulda Serbiyada keçiriləcək yeniyetmələrin Avropa birinciliyi üçün 58 və 63 kq çəki dərəcələrindən başqa, digər çəkilərdə heyəti müəyyənləşdirmişəm. Düzdür, indidən kimin qitə birinciliyinə yollanacağını söyləmək istəməzdim. Çünki hər çəkidə bir-birindən geri qalmayan ən azı 2-3 idmançımız var və son seçim yarış öncəsi ediləcək. 63 kq çəkidə Gürcüstan turnirində 2-ci yeri tutan Babək Rəhimli bununla da, Avropa birinciliyinə yollanmaq istiqamətində şanslarını xeyli artırdı. Amma 58 kq-da hələ də problemlərimiz var. Bu çəkidə turnirdə yarışan idmançılarımızın heç biri medalçılar sırasına düşə bilmədi. Avropa birinciliyinə qədər bu çəkidəki problemi də aradan qaldırmağa çalışacağıq”.
0