Estoniyada yaşayan soydaşımız Bakıda birinci oldu
16.06.2009 - 13:44
Estoniyada yaşayan soydaşımız Bakıda birinci oldu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) birgə təşkilatçılığı ilə böyüklər arasında Bakı çempionatı keçirilib. AQF-nin baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarış sablya və şpaqa silahları üzrə olub.

Sablya növündə kişilərin turnirində Ramin Əmirov birinci yeri tutub. Bu növdə ən güclü xanım qılıncoynadan isə Sabina Mikina olub.

Şpaqa silahında isə Kənan Yusifov və Elmira Xudaverdiyeva qızıl medallara layiq görülüblər. Beləliklə, indiyədək Estoniyada yaşamış və bu ölkənin milli komandasının şərəfini qorumuş Yusifov ilk dəfə Bakı çempionu tituluna sahib çıxıb. Kənanın gələn ay Azərbaycan yığmasının heyətində debüt edəcəyi gözlənilir. Artıq AQF rəhbərliyi lazımi sənədləri qaydasına salıb və onun milli komandamızın tərkibində beynəlxalq yarışlarda qüvvəsini sınamasına problem yoxdur.

Qeyd edək ki, Bakı çempionatının nəticələri 13-19 iyul aralığında Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatına yollanacaq heyətin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıyıb.