Yığmamızın baş məşqçisi “Levski”yə yardım əlini uzatdı - FOTO
22.07.2009 - 14:16
Yığmamızın baş məşqçisi “Levski”yə yardım əlini uzatdı - FOTO
“37 dərəcə istidə keçən “Bakı” - “Ekranas” matçını stadiondan izlədim. “Bakı” həqiqətən də çox yaxşı, sürətli futbol nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Yanko Rusev deyib.

Ölkəmizdə yeni işə başlayan 51 yaşlı bolqarıstanlı mütəxəssis həmyerlilərinə Çempionlar Liqasında “Bakı” ilə görüş üçün tövsiyələrini verib. Məlum olduğu kimi, komandamızın bu turnirdə növbəti rəqibi Sofiyanın “Levski” klubu olacaq. Artıq gələn həftə paytaxt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan çempionunu qonaq edəcək. Rusevin sözlərinə görə, əgər “Levski” rəqibini qiymətləndirməsə, mütləq büdrəyə bilər: “Bakı”da çoxlu texnikalı futbolçu var. Onlardan çoxu afrikalı, cənubi amerikalılardır. Bizim futbolçular mütləq “Bakı”nı qiymətləndirməlidir. Çünki rəqib çox təhlükəlidir”.

Moskvada olimpiadasının qalibi, beş qat dünya və 34 dəfə dünya rekordçusu olan Rusev vaxtilə futbol oynadığını bildirir. Təcrübəli mütəxəssis Azərbaycan futbolu haqda bilgilərini deyib: “Turnir cədvəlinin yuxarı pillələrində digər Bakı klubu “İnter”dir. Onun prezidenti həmyerlim Georgi Nikolovdur. Bu iki Bakı komandası kifayət qədər texnikalı oyun göstərir. Futbolçularının çoxu əcnəbidir ki, bu da az əhəmiyyətli deyil. Fikrimcə, həmyerlilərimə “Bakı” ilə görüşdə çox çətin olacaq. Qələbə qazanmaq istəyiriksə, rəqibə ciddi yanaşıb, onun gücünü qiymətləndirməliyik. Stadionun dolu olmasını gördüm. Milli komandalarının baş məşqçisi Berti Foqtsdur. Onlar futbolun səviyyəsini yaxşılaşdırma istəyir”.
0