“Bakı 5-6 ildən sonra Dubay olacaq”
22.07.2009 - 14:54
“Bakı 5-6 ildən sonra Dubay olacaq”
“Mən cəmi bir aydır Bakıdayam. Burada bədii gimnastika üzrə bolqar məşqçi, “İnter” klubunda iki bolqar futbolçu, səfirlikdə bir neçə həmyerlim var. Rəhbərlik etdiyim komandada da iki həmyerlim – masajçı və həkim olacaq. Mən Azərbaycan yığmasının baş məşqçisi və federasiyanın baş meneceriyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının baş məşqçisi Yanko Rusev Bolqarıstan mətbuatına açıqlamasında deyib.

51 yaşlı bolqar mütəxəssisin sözlərinə görə, ölkəmizdə bu idman növü tezliklə çox yüksək səviyyədə olacaq: “Avropa çempionatında iki gümüş medal qazanıblar. Burada ağırlıqqaldırmanın səviyyəsi Bolqarıstandan yüksəkdir”.

Ölkəmizdə idmana göstərilən diqqətdən razı qalan Rusev Bakı ilə Sofiyanı müqayisə etməyə də imkan tapıb: “Azərbaycan idmana pul ayılıb. Ağırlıqqaldırma üçün yeni zal tikilib. Özü də bolqar memarın layihəsi ilə. Bakı çox gözəl şəhərdir. Sofiya ilə heç bir bağlılığı yoxdur. Həddən artıq təmiz şəhərdir. Ola bilsin ki, Bakı 5-6 ildən sonra Dubay oldu”.

Qeyd edək ki, 1980-ci ildə Moskvada olimpiya çempionu, beş qat dünya, 34 dəfə dünya rekordçusu olan Rusev yığmanın baş məşqçi postunda Vahid Nəzərovu əvəzləyib.
0