Stadnik rəqib tanımadı - FOTO
14.08.2009 - 10:38
Stadnik rəqib tanımadı - FOTO
Polşanın paytaxtı Varşavada sərbəst və qadın güləşi üzrə beynəlxalq turnirlər start götürüb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın ilk günündə yığmamız bir medal qazanıb.

Qadın güləşçilərin mübarizə apardığı “Varşava Kuboku” uğrunda turnirdə təmsilçilərimizdən Mariya Stadnik (48 kq) fərqlənib. Pekin Olimpiadasının bürünc mükafatçısı bütün rəqiblərini üstələyərək, qızıl medala layiq görülüb. Milli komandamızın ukraynalı legioneri əvvəlcə Savola Sariaya (Finlandiya), daha sonra Lyudmila Baluşkaya (Ukrayna) qalib gəlib. Finalda isə Stadnik rusiyalı Larisa Orjakı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər qadın pəhləvanlarımızdan Yuliya Radkeviç (55 kq) 5-ci, Dina İvanova (72 kq) 9-cu, Olesya Zamula isə 14-cü yerlə kifayətlənib. Mübarizəyə qoşulmayan cəmi bir xanım idmançımız - Elvira Mürsəlova (59 kq) qalıb.

Sərbəst güləşçilərin çıxış etdiyi “Ziolkovski” yarışında isə ilk gündə heç bir pəhləvanımız qüvvəsini sınamayıb. Yarışda medal ümidimiz Xaybulla Şaalov (60 kq), Əşrəf Əliyev, Elnur Əliyev (hər ikisi 74 kq), Şərif Şərifov, Novruz Temrezov (84 kq) və Maksim Proxorovdur (120 kq).
0