Cazibədar idmançı belə üzüldü - FOTOSESSİYA
18.08.2009 - 10:40
Cazibədar idmançı belə üzüldü - FOTOSESSİYA
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə XII dünya çempionatında ən gözlənilməz nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının üzvü Yelena İsinbayeva şüvüllə hündürlüyə tullanma yarışında fiaskoya uğrayıb.

İkiqat olimpiya, ikiqat dünya və Avropa çempionu titullarının sahibi heç kimin gözləmədiyi halda Berlində medalsız qalıb. 27 yaşlı xanım idmançının cəhdləri uğursuz alınıb. Öncə 4,75 metrlik hündürlüyə tullanmaq istəyən Yelenanın ilk cəhdi baş tutmayıb. Sonradan o, rəqiblərindən geri qalmamaq və mükafatçılar sırasına düşmək üçün 4,80 metr sifariş verib. Amma bu dəfə də İsinbayeva səddə toxunub və uğursuzluğa düçar olub. Beləliklə, Yelena son 6 ildə ilk dəfə medalsız qalıb. Çempion tituluna isə 4,75 metr hündürlüyə tullanan polşalı Anna Roqovska layiq görülüb.

Yarışdan sonra İsinbayevanın özünü itirdiyi açıq-aydın nəzərə çarpıb: “Mən hələ də nə baş verdiyini anlaya bilmirəm. 2003-cü ildə də belə uğursuzluq yaşamışdım. Lakin sonra özümü toparlayaraq, yüksək nəticə göstərdim. Düzü, məşqçimin gözünün içinə baxmağa utanıram. Bu gün əsas rəqibim Roqovska qalib gəlmədi, sadəcə, mən uduzdum”.

Xatırladaq ki, İsinbayeva 2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçilib. Bu cazibədar atlet hazırda Rusiyanın ən gözəl idmançısı hesab olunur.
0