Azərbaycan yığmasının İrəvana getməsi üçün zəmanət lazımdır
18.08.2009 - 15:35
Azərbaycan yığmasının İrəvana getməsi üçün zəmanət lazımdır
“Avropa Cüdo İttifaqı Ermənistanda gənclər arasında Avropa çempionatının keçirilməsi ilə bağlı bizə müraciət edib. Azərbaycan milli komandasının da bu yarışda iştirakı gündəmdədir. Bizi narahat edən ən əsas məqam isə təhlükəsizlik məsələləri ilə əlaqədardır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisi bildirib ki, yığmamızın 11-13 sentyabr aralığında Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq Avropa çempionatına yollanıb-yollanmayacağı gələn həftə müəyyənləşəcək: “Əslində, hər yerdə yarış keçirilə bilər. İndiyədək erməni idmançılar da ölkəmizə gəliblər, yarışda iştirak ediblər. Hazırda cüdo üzrə Avropa çempionatı ilə bağlı nazirlikdə müzakirələr aparılır. Biz idmançılarımızın yarış zamanı məskunlaşacağı məkana, qidalanmaya və digər zəruri tələbatların təminatına görə narahatıq. İstənilən halda, Gənclər və İdman Nazirliyi bir həftə ərzində yekun qərarını açıqlayacaq”.

Azərbaycan tərəfi Avropa Cüdo İttifaqına ilkin sifariş ərizəsini göndərib. Yəni, Ermənistandakı yarışda iştirak edəcəyimiz ilkin olaraq, təsdiqlənib. Rəsmi təsdiq məktubu isə qarşı tərəfin təminatından sonra göndərilə bilər. İrəvana yalnız oğlanların aparılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanın heç bir idmançısı Ermənistanda keçirilən yarışda qüvvəsini sınamayıb.
0