Həmvətənimiz əfsanəvi idmançını qabaqladı
19.08.2009 - 10:01
Həmvətənimiz əfsanəvi idmançını qabaqladı
Azərbaycan atleti Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən dünya çempionatının yarımfinalına yüksəlib. Apasport.az saytının məlumatına görə, 19 yaşlı həmvətənimiz 200 metrlik məsafəyə qaçışda planetin 16 ən yaxşı atleti arasına düşməyi bacarıb.

Ramil 1/4 finalda bu məsafəni 20,40 saniyəyə qaçaraq, yarımqrupda ikinci yeri tutub. Reqlamentə əsasən, hərəsində 8 atlet olmaqla, 4 yarımqrupun ilk 3 pilləsində qərarlaşan, eləcə də ən yaxşı nəticə göstərən 4 idmançı növbəti mərhələyə yüksəlirdi. Startda zəif təsir bağışlayan, lakin finişə doğru 6 rəqibini üstələyən Quliyev də yarımfinala vəsiqəyə sahib çıxıb. O, 1/4 finalda hətta dünya atletikasının canlı əfsanəsi, olimpiya çempionu, yamaykalı Useyn Boltu da qabaqlayıb. Digər yarımqrupda qüvvəsini sınayan Bolt 200 metrəni Ramildən 0,01 saniyə gec, yəni, 20,41 saniyəyə qət edib.

Həmyerlimiz bu gün Bakı vaxtı ilə saat 22:33-də yarımfinalda çıxış edəcək. Artıq onun rəqibləri də məlumdur. Finala hər yarımqrupdan 4 atlet vəsiqə əldə edəcək.

Ramil Quliyevin bu gün çıxış edəcəyi yarımfinal qrupu:

1. Emmanuel Kallander (Trinadad və Tobaqo) - 20,40 saniyə
2. Çarles Klark (ABŞ) - 20,22
3. Stiv Mullinqs (Yamayka) - 20,01
4. Ramil Quliyev (Azərbaycan) - 20,04
5. Uallas Spirmon (ABŞ) - 19,65
6. Marlon Devoniş (Böyük Britaniya) - 20,19
7. Martial Mbandyok (Fransa) - 20,55
8. Pol Hession (İrlandiya) - 20,40

Qeyd: idmançıların qarşılarındakı rəqəmlər onların indiyədək göstərdikləri ən yüksək nəticələrdir.
0