Samir Məmmədov dünya çempionatında döyüşməkdən imtina etdi
19.08.2009 - 17:22
Samir Məmmədov dünya çempionatında döyüşməkdən imtina etdi
İtaliyanın Milan şəhərində keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də start götürəcək yarışda 10 idmançımız döyüşəcək. Bunlar Elvin Məmişzadə (48 kq), Nihat Seyidov (51 kq), Rəhim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Ruslan Həsənov (60 kq), Ramal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Fərid Ağayev (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadədir (91 kq). Ölkəmiz yalnız superağır çəkidə təmsil olunmayacaq.

İtaliyaya aparılacaq heyət üzvlərindən Elvin Məmişzadə, İlkin Ağayev, Fərid Ağayev, Elnur Qədirov dünya çempionatında ilk dəfə qüvvələrini sınayacaqlar. Pekin Olimpiadasının iştirakçısı, ölkəmizin ən perspektivli boksçularından sayılan Samir Məmmədov isə özü qarşıdakı yarışda döyüşmək istəməyib. Bununla bağlı Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev bunları deyib: “Şəxsi məşqçisi Zahid Əliyevlə birgə yanıma gələn Samir Məmmədov səhhətindəki problem ucbatından dünya çempionatına qatıla bilməyəcəyini söylədi. Sağlamlığının yaxşılaşması üçün müalicəyə ehtiyacı olduğunu bildirdi. O, maşın deyil ki yağ tökəsən işləyə? Buna görə də Samir Məmmədov Milana aparılacaq heyətdə yer almayıb”.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 12-də başa çatacaq.

Mənbə: extratime.az
0