Dünyanın ən sürətli insanına qarşı!
20.08.2009 - 11:00
Dünyanın ən sürətli insanına qarşı!
Atlet Ramil Quliyev Azərbaycan idman tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, o, dünya çempionatının finalına vəsiqə əldə edən ilk azərbaycanlı olub. 19 yaşlı idmançımız bu uğuru Almaniyanın paytaxtı Berlində keçirilən dünya çempionatında qazanıb.

200 metr məsafəyə qaçışda qüvvəsini sınayan Quliyev təsnifat mərhələsi və 1/4 finalın ardından, yarımfinalda da möhtəşəm nəticə göstərib. Həmvətənimiz bu məsafəni 20,28 saniyəyə qaçaraq, öz yarımqrupunda 4-cü yeri tutub. İlk 4 pillədə qərarlaşan atletlər növbəti mərhələyə adladığından, Ramil də finala yüksəlib.

Dünya çempionatında yeganə təmsilçimiz finalda bu gün mübarizə aparacaq. Quliyev Bakı vaxtı ilə saat 23:35-də start xəttinə çıxacaq. Birinci zolaqda qaçacaq Ramilin əsas rəqibi olimpiya çempionu, planetin ən sürətli insanı, yamaykalı Useyn Boltdur. Təsadüfi deyil ki, hazırda 200 metr məsafəyə qaçışda dünya rekordu məhz Bolta məxsusdur - 19,30 saniyə. Ümumiyyətlə, idmançımız indiyədək göstərdiyi nəticələrə görə, finaldakı 5 rəqibindən geri qalır.

200 metr məsafəyə qaçış yarışında final:

1. Ramil Quliyev (Azərbaycan) - 20,04 saniyə
2. David Alerte (Fransa) - 20,33
3. Stiv Mullinqs (Yamayka) - 20,01
4. Uallas Spirmon (ABŞ) - 19,65
5. Useyn Bolt (Yamayka) - 19,30
6. Alonso Edvard (Panama) - 20,00
7. Çarles Klark (ABŞ) - 20,22
8. Şon Krouford (ABŞ) - 19,79

Qeyd: idmançıların qarşılarındakı rəqəmlər onların indiyədək göstərdikləri ən yüksək nəticələrdir.
0