Azad Rəhimov avarçəkənlərlə görüşdü
20.08.2009 - 16:05
Azad Rəhimov avarçəkənlərlə görüşdü
Bu gün gənclər və idman naziri Azad Rəhimov Kanadanın Dartmut şəhərində keçirilmiş kanoe və kayak qayıqlarında avarçəkmə üzrə dünya çempionatında tarixi uğura imza atmış idmançılar və onların məşqçiləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, nazir bu mötəbər yarışda çempion olmuş Valentin Demyanenko, eləcə də gümüş və bürünc medallara layiq görülmüş Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyünü təbrik edib.

“Dünya çempionatında əldə olunmuş nailiyyət böyük uğurdur. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm! Sizin qazandığınız uğur Azərbaycan idmanını dünyada təbliğ edir” - deyə Rəhimov vurğulayıb.

Nazir bildirib ki, qısa zaman ərzində qazanılan uğurlar Azərbaycan Milli Avarçəkmə Federasiyası rəhbərliyinin və yığma məşqçilərinin gərgin əməyinin nəticəsidir: “Avarçəkmə elit idman növüdür və uşaqların, yeniyetmələrin pis vərdişlərə, narkotikaya qurşanmasının qarşısını alır, onların küçələrə yox, idman zallarına axışmasına şərait yaradır. İnanıram ki, Mingəçevirdə tikilməkdə olan “Kür” Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsindən sonra avarçəkmədə daha böyük müvəffəqiyyətlər qazanılacaq”.

Nazir dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yarışdan sonra onunla telefon əlaqəsi saxladığını da söyləyib: “Cənab prezidenti mənimlə telefon əlaqəsi saxladı və kanoeçilərimizi ölkə rəhbəri adından təbrik etməyi tapşırdı”.

Tədbirdə iştirak edən Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov qəbula görə Azad Rəhimova minnətdarlıq edib: “Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi avarçəkmənin inkişafına dəstək verir. Kanoe növündə təkcə böyüklər arasında deyil, yeniyetmələrin yarışında da uğurlarımız var. Artıq bir kanoeçimiz gələn il Sinqapurda ilk dəfə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bundan başqa akademik avarçəkmədə də ciddi nailiyyətlərə imza atmışıq”.

Qeyd edək ki, dünya çempionatında Valentin Demyanenko 1 nəfərlik kanoe qayığında 200 m məsafəyə yürüşdə qızıl, Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyü isə 2 nəfərlik kanoe qayığında gümüş (1000 m) və bürünc (500 m) medallara yiyələnib.
0