3 boksçumuz Avropa çempionatının finalında
21.08.2009 - 10:28
3 boksçumuz Avropa çempionatının finalında
Azərbaycanın gənc boksçulardan ibarət yığmasının 3 üzvü Polşanın Şetsin şəhərində təşkil olunan Avropa çempionatının finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Elvin Məmişzadə (48 kq), Elvin İsayev (54 kq) və Emin Əhmədov (69 kq) yarımfinalda uğurla çıxış edərək, həlledici görüşə vəsiqə qazanıb. Məmişzadə Xromi Duşanı (Çexiya) 3:2, İsayev Kamil Laşziki (Polşa) 3:2, Əhmədov isə Aleksandr Qriqorçuku (Belarus) 6:3 hesabı ilə məğlub edib.

Lakin 51 kq çəki dərəcəsində yarışan Elnur Zeynalov yarımfinalda rusiyalı Qriqori Nikolayçuka uduzaraq (5:7), bürünc medalla kifayətlənib. Daha 3 təmsilçimiz - Elvin Əliyev, Heybətulla Hacıəliyev və Murad Ağamalıyev hələlik yarımfinalda döyüşməyib.

İstənilən halda, milli komandamız Avropa çempionatında 7 medal qazanacaq. Bu medallardan yalnız birinin əyarı məlumdur: bürünc. Digər 6 boksçumuzun fəxri kürsünün neçənci pilləsində yer alacağı avqustun 22-dək tam bilinəcək.

Boksçularımızın növbəti mərhələdəki rəqibləri:

48 kq, final

Elvin Məmişzadə - İqor Muqarin (Ukrayna)

54 kq, final
Elvin İsayev - Radmir Abdurəhmanov (Rusiya)

57 kq, yarımfinal
Elvin Əliyev - Martin Uord (İngiltərə)

60 kq, yarımfinal
Heybətulla Hacıəliyev - Evaldas Petraskas (Litva)

69 kq, final
Emin Əhmədov – Ceyson Kuiqley (İrlandiya)

75 kq, yarımfinal
Murad Ağamalıyev – Zoltan Harçsa (Macarıstan)
0