Avropanın ən güclüsü azərbaycanlı oldu - FOTO
21.08.2009 - 10:47
Avropanın ən güclüsü azərbaycanlı oldu - FOTO
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Ramil Quliyev çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 200 metr məsafəyə qaçışda mübarizə aparan 19 yaşlı idmançımız 7-ci yeri tutub. O, finalda cəmi bir rəqibini qabaqlamasına baxmayaraq, dünya çempionatında ən yüksək nəticə göstərmiş atlet kimi Azərbaycan idman tarixinə düşüb.

Ramil həlledici mərhələni məsafəni 20,61 saniyəyə qət edərək, fransalı David Alerteni üstələyib. Alertenin final iştirakçıları arasında Avropanın ikinci nümayəndəsi olduğunu nəzərə alsaq, Quliyev 200 metr məsafəyə qaçışda “Köhnə dünya”nın ən güclüsü olub. Amma həmvətənimiz finalda heç də ən yaxşı şəxsi nəticəsini göstərə bilməyib. O, 1/4 finalda (20,40) və yarımfinalda (20,28) finişə daha tez çatmışdı. Ramilin ən yüksək nəticəsi isə 20,04 saniyədir.

Dünya çempionu tituluna yamaykalı Useyn Bolt yiyələnib. Finişə 19,19 saniyəyə çatan olimpiya çempionu 100 metr məsafəyə qaçışda olduğu kimi, 200 metrlik məsafədə də həm qızıl medala sahib çıxıb, həm də yeni dünya rekordu müəyyənləşdirib. Bundan əvvəlki rekord da məhz Useyn Bolta məxsus idi (19,30 saniyə).

200 metr məsafəyə qaçış, final

1. Useyn Bolt (Yamayka) - 19,19 saniyə
2. Alonso Edvard (Panama) - 19,81
3. Uallas Spirmon (ABŞ) - 19,85
4. Şon Krouford (ABŞ) - 19,89
5. Stiv Mullinqs (Yamayka) - 19,98
6. Çarles Klark (ABŞ) - 20,39
7. Ramil Quliyev (Azərbaycan) - 20,61
8. David Alerte (Fransa) - 20,68
0