Əli İsmayılov gecə klubunda!
24.08.2009 - 15:41
Əli İsmayılov gecə klubunda!
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovun növbəti rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, həmvətənimiz sentyabrın 25-də macar Zoltan Bereşlə döyüşəcək. Reytinq xarakterli qarşılaşma Rusiyanın Sankt-Peterburq şəhərinin “Atmosfer” gecə klubunda keçiriləcək.

39 yaşlı Bereşin ləqəbi “Babyface”dir (“Uşaq sifətli”). Peşəkar rinqdə 84 döyüşə çıxmış boksçu bunlardan 39-da (13-ü nokautla) qələbə qazanıb və 42-də (21-i nokautla) məğlubiyyətlə üzləşib. Onun iştirakı ilə 3 döyüş heç-heçə başa çatıb. Solaxay macar axırıncı dəfə avqustun 19-da həmyerlisi Viktor Şalaya qarşı çıxış edib və qalib müəyyənləşməyib.

Artıq Əli İsmayılov rəqibi haqda lazımi məlumatları toplayıb: “O, kifayət qədər güclü və təcrübəli boksçudur. Bununla belə, mənim də az təcrübəm yoxdur. Fikrimcə, hər şey yaxşı olacaq. Son döyüşdəki məğlubiyyəti “sığortalamaq” üçün Bereşi mütləq məğlub etməliyəm. Qələbə, həmçinin rusiyalı mütəxəssislərin mənə yenidən inamlarının artması üçün vacibdir. Buna görə də, burnum qana bulaşsa da, qalib gəlmək lazımdır”.

Qeyd edək ki, İsmayılov axırıncı dəfə rinqdə bu il mayın 16-da olub. 35 yaşlı boksçumuz Argentinanın paytaxtı Buenos-Ayresdə WBO versiyası üzrə keçirdiyi dünya çempionluğu uğrunda döyüşdə yerli idmançı Viktor Ramiresə uduzub.

Mənbə: extratime.az
0