“Hərdən elə anlaşılmaz hallarla rastlaşırsan ki...”
29.10.2009 - 23:09
“Hərdən elə anlaşılmaz hallarla rastlaşırsan ki...”
Beynəlxalq Olimpiya Komitəsi (BOK) tibbi ekspertləri cəlb etməklə idmançıların cinsi mənsubiyyəti məsələlərinə həsr olunmuş xüsusi konfrans keçirmək niyyətindədir. Apasport.az saytının xəbərinə görə, BOK rəhbərliyini bu addımı atmağa Cənubi Afrikanın qadın atleti Kaster Semeni ətrafında yaranmış səs-küy məcbur edib.

Qaçış üzrə 2009-cu ilin dünya çempionu olan bu qadının kişilərə xas olan bədən və sifət quruluşu, səs tembrinin çox aşağı olması ictimaiyyətin və atletin çempionat üzrə rəqiblərinin diqqətini cəlb edib. Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) dünya çempionunun avqust ayında Berlin klinikasında keçdiyi testin nəticələri ilə tanış olub. Hazırda həmin nəticələr ekspertlər qrupu tərəfindən təkrar yoxlanılır.

BOK-un tibbi komissiyasının rəhbəri Arne Linkvistin sözlərinə görə, konfrans yanvarın 15-17-də Floridada keçiriləcək. Konfransda 10-15 alim və idman federasiyalarının tibbi komissiyalarının nümayəndələri iştirak edəcək: “Hərdən elə anlaşılmaz hallarla rastlaşırsan ki, onların idmana və yaxud daha çox təbabətə aid olduğunu aydınlaşdırmaq lazım gəlir”.

Beynəlxalq Olimpiya Komitəsi insanın qeyri-adi cinsi xüsusiyyətlərə malik olması vəziyyətinin elmi cəhətdən əsaslandırılması imkanlarını araşdıracaq. Belə hallarda kişi və yaxud qadın idmançı hormonal terapiya da daxil olmaqla xüsusi müalicə ala biləcək.
AzərTac