Nizami Paşayevin növbəti, Yanko Rusevin isə ilk sınağı
20.11.2009 - 13:52
Nizami Paşayevin növbəti, Yanko Rusevin isə ilk sınağı
Bu gün Koreyanın Qoyanq şəhərində ağır atletika üzrə kişilər arasında 77-ci və qadınlar arasında 20-ci dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycanın 7 idmançısı qatılıb. Ölkəmizdə peşəkar qadın atlet olmadığından, çempionatda yalnız kişilərin yarışında təmsil olunacağıq. Bu, bolqarıstanlı Yanko Rusevin Azərbaycan yığmasının baş məşqçisi postunda ilk ciddi sınağı olacaq.

Artıq təmsilçilərimizin podiuma çıxacaqları günlər müəyyənləşib. 56 kq dərəcəsində idmançımız olmadığı üçün bu gün yarış bizsiz keçir. Çempionatda hamıdan tez Zülfüqar Süleymanov, ən sonda isə Nizami Paşayev qüvvəsini sınayacaq.

Ağırlıqqaldıranlarımızdan ən çox elə Paşayevin medal qazanmaq şansı var. İkiqat dünya çempionu olan 26 yaşlı həmyerlimizin rəqibləri bir o qədər ciddi deyil. Hər halda, 2008-ci il Pekin Olimpiadasının qalibi, qazaxıstanlı İlya İlin Koreyaya yollanmayıb. Nizaminin ən ciddi rəqibləri isə Vladimir Sedov (Qazaxıstan), Andrey Demanov (Rusiya) və Valeria Kalanseadır (Rumıniya).

21 noyabr
Zülfüqar Süleymanov (62 kq) – A qrupu

22 noyabr
Sərdar Həsənov (69 kq) – B qrupu
Əfqan Bayramov (69 kq) - A qrupu

24 noyabr
Namiq Cəmilov (77 kq) – B qrupu

26 noyabr
İntiqam Zairov (85 kq) – A qrupu

27 noyabr
Rövşən Fətullayev (94 kq) – B qrupu
Nizami Paşayev (94 kq) – A qrupu