Möcüzə baş vermədi: Yenə medalsız qaldıq... - YENİLƏNİB
24.11.2009 - 12:40
Möcüzə baş vermədi: Yenə medalsız qaldıq... - YENİLƏNİB
Koreyanın Qoyanq şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir təmsilçisi qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində Namiq Cəmilov podiuma çıxıb. 27 yaşlı həmyerlimiz B qrupunda yer alıb. Bu çəki dərəcəsində öncə ən zəif idmançıların toplaşdığı C qrupunda yarış olub.


C qrupu (9 idmançı): I yer - Safaa Əl-Cumalı (İraq) - 315 kq (140+175)


B qrupu (12 idmançı):
Birdən qaldırma
Birinci cəhd: Namiq birdən qaldırmada podiuma 6-cı çıxdı. O, ilk cəhddə öncə 143 kq, sonradan 145 kq sifariş edib. Həmyerlimiz 145 kq-ı başının üzərinə qaldırmağı bacardı.
İkinci cəhd: Cəmilov ikinci cəhddə 150 kq-ı qaldırmaq iddiasında idi. Sevindirici haldır ki, atletimiz bu çəkinin öhdəsindən gələ bildi.
Üçüncü cəhd: Həmvətənimiz son cəhddə sifariş etdiyi 153 kq-ı qaldıra bilmədi. Beləliklə, o, birdən qaldırma yarışını 150 kq-lıq göstərici ilə 7-ci pillədə başa vurdu. Birdən qaldırmada ən yüksək nəticə 155 kq oldu.

Təkanla qaldırma
Birinci cəhd: Cəmilov birinci cəhddə öncə 177 kq, sonradan 181 kq sifariş edib. Atletimiz bu çəki dərəcəsinin öhdəsindən gəlib.
İkinci cəhd: Namiq ikinci cəhd zamanı 186 kq qaldırmaq niyyətindədir. Ancaq yığmamızını üzvü bunu bacarmadı.
Üçüncü cəhd: Təbii ki, qaydalara əsasən, Cəmilov yenə də 186 kq çəkini qaldırmalı idi. Bu dəfə də o, zəif təsir bağışladı.

Beləliklə, Namiq Cəmilov 331 kq-la (150+181) B qrupunda 5-ci pillədə qərarlaşdı. Nəzərə almaq lazımdır ki, bir azdan A qrupunda daha güclü 11 ağırlıqqaldıran qüvvəsini sınayacq. Bu isə o deməkdir ki, Cəmilov də digər idmançılarımız kimi, fəxri kürsüyə yüksələ bilməyəcək. Onun öz çəki dərəcəsində yekunda təxminən 13-15-ci yerlərdən birini tutacağı gözlənilir.

Xatırladaq ki, yığmamız dünya çempionatında hələlik medal qazana bilməyib. Əvvəlki günlərdə bacarığını nümayiş etdirmiş Zülfüqar Süleymanov (62 kq) 6-cı, Əfqan Bayramov (69 kq) isə 10-cu yeri tutub.
0