Azərbaycanlı atletin dünya çempionatında iştirak etməməsinin səbəbi açıqlandı
24.11.2009 - 11:29
Azərbaycanlı atletin dünya çempionatında iştirak etməməsinin səbəbi açıqlandı
Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənovun Cənubi Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib. Gənclər və idman nazirinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov Lent.az-a açıqlamasında 69 kq çəkidə yer alan atletimizin “körpücük” üzərinə çıxmamasına aydınlıq gətirib.

Onun sözlərinə görə, Həsənovun adı öncədən sifariş olunsa da, yarışa aparılmayıb. İ.İsmayılov bunu belə əsaslandırıb: “Biz Gənclər və İdman Nazirliyi olaraq, Həsənovun dünya çempionatına ezam olunması üçün lazımi vəsaiti ayırmışdıq. O, digər 7 idmançımız və baş məşqçi Yanko Rusevlə yanaşı, 2 məşqçi, həkim, masajçı, eləcə də nazirliyimizin ağırlıqqaldırma üzrə kuratorunu da yarışa ezam etmək üçün lazımi işləri görmüşdük. Amma Həsənov çempionata aparılmayıb. Bu, idmançının son anda zədələnməsi ilə bağlıdır. Görünür, 69 kq çəkidə daha yaxşı çıxış etməyə qadir Əfqan Bayramov olduğu üçün Rusev Sərdarı da aparmağa lüzum görməyib”.

Qeyd edək ki, 69 kq çəkidə əsas medal ümidi olan Turan Mirzəyev hazır olmamasını səbəb göstərərək, dünya çempionatına yollanmaqdan imtina edib. Artıq yarışda çıxışını başa vuran Əfqan Bayramov isə 10-cu yerlə kifayətlənib.
0