Hər şey pisliyə doğru: Namiq Cəmilov 15-ci oldu
24.11.2009 - 16:07
Hər şey pisliyə doğru: Namiq Cəmilov 15-ci oldu
Azərbaycan ağırlıqqaldıranlarının Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatında nəticələri daha da pisləşib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda ölkəmizi təmsil edən 7 atletdən 3-ü artıq çıxışını başa vurub. Öncə Zülfüqar Süleymanov (62 kq) 6-cı, ardından Əfqan Bayramov (69 kq) 10-cu yerlə kifayətlənib. Bu gün isə 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Namiq Cəmilov bir qədər də zəif nəticə göstərib. O, 331 kq (150+181) qaldıraraq, 31 atlet arasında 15-ci pillədə qərarlaşıb. Bu çəki dərəcəsində qızıl medala çinli Xiaojun Lu layiq görülüb: 378 kq (174+204).

Qarşıdakı 5 gündə yığmamızın bolqarıstanlı baş məşqçisi Yanko Rusevin 4 yetirməsi podiuma çıxacaq. Noyabrın 26-da İntiqam Zairov (85 kq), noyabrın 27-də Rövşən Fətullayev və Nizami Paşayev (hər ikisi 94 kq) və nəhayət, noyabrın 29-da Əlibəy Səmədov (105 kq) çıxış edəcək.