Daha bir Olimpiya-İdman Kompleksi açıldı
25.12.2009 - 17:37
Daha bir Olimpiya-İdman Kompleksi açıldı
Bu gün Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub. Apasport.az saytının məlumatına görə, açılış mərasimində dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib.

Açılışı bildirən lent kəsildikdən sonra gənclər və idman naziri Azad Rəhimov kompleksin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunduğu barədə məlumat verib. Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılıb. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.

Dövlət başçısı kompleksin universal idman zalı ilə tanış olub. Futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq var. Güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan İlham Əliyevə məlumat verilib ki, burada 615 tamaşaçı tutumuna malikdir. Ölkə prezidenti trenajor zalına da baş çəkib. Bildirilib ki, kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.

Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir. Sonra İlham Əliyev qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusa gəlib. Buradakı hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Korpusun inzibati hissəsi ikinci mərtəbəsində məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar var.

Dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş mehmanxana ilə də tanış olub. İkimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standard və bir lüks otaq var. Açıq havadakı idman qurğuları ilə tanış olan dövlət başçısına məlumat verilib ki, burada iki tennis kortu, mini-futbol və voleybol meydançaları yaradılıb. Prezident İlham Əliyev kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadiona da baxıb.

Qeyd edək ki, Şağan Olimpiya-İdman Kompleksi ölkəmizdə sayca 24-cü belə qurğu olub.

Mənbə: AzərTAc