60 manatlıq mükafat
29.12.2009 - 22:27
60 manatlıq mükafat
Gənclər və İdman Nazirliyi 10 - 14 iyunda Bakıda keçirilmiş Dünya Kubokunda 3-cü yeri tutan taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının hər bir üzvünü 2009-cu ilin yekununda cəmi 60 manatla mükafatlandırıb. Bu haqda Lent.az-a yığmamızın lideri Rəşad Əhmədov məlumat verib.

O, mükafatın məbləğini xeyli az saydıqlarını bildirib. Bunun səbəbini bilmədiyini deyən taekvondoçumuz özü üçün nəzərdə tutulan pulu aldığını söyləyib. Əhmədovun fikirlərinə artıq karyerasını başa vuran, Dünya Kuboku vaxtı isə yığmamızın kapitanı olmuş Elnur Amanov da şərik çıxıb. Amanov isə hələ mükafatını almadığını əlavə edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov isə Lent.az-a açıqlamasında mükafatın məbləğinin nazirliyin kollegiyasının qərarına əsasən müəyyənləşdiyini bildirib: “Biz hər ilin sonunda mükafat məbləğini Nazirlər Kabinetinin 2002-ci ildə qəbul etdiyi müvafiq qərara uyğun müəyyənləşdiririk. Həmin qərarda isə Dünya Kuboku üçün mükafat nəzərdə tutulmayıb. Ona görə də biz kollegiyamızın qərarı ilə Dünya Kuboku və digər yarışlar üçün mükafatlar müəyyənləşdirmişik”.

Rəhimovun sözlərinə görə, taekvondo üzrə Dünya Kubokunda güləş üzrə analoji yarışdan fərqli olaraq, yalnız ən güclü 8 komanda yox, 24 ölkə iştirak edib. Ona görə də iki yarışın səviyyəsini eyniləşdirmək olmaz.

Mükafatın məbləğinin hər taekvondoçuya niyə məhz 60 manat olmasına gəldikdə, nazirlik rəsmisi bunu belə əsaslandırıb: “Nazirlər Kabinetinin qərarına uyğun olaraq, dünya və Avropa çempionatları üçün nəzərdə tutulan vəsaiti bölüşdürdükdən sonra 250 min manat mükafat fondumuz qalır. Bunu da qalan yarışların mükafatçıları arasında bölüşdürməliyik. İl ərzində idmançılarımız 619 medal qazanıblar. Bu qədər idmançı arasında pulu böləndə çox az məbləğ alınır. Dünya Kubokunda Azərbaycan yığmasının heyətində 10 taekvondoçu çıxış edib. Onların hər birinə 60 manat verdikdə, ümumilikdə 600 manat edir. Sayları az olsaydı, mükafat məbləği də çoxalardı”.