Həmyerlimiz Rusiyada “ən texnikalı idmançı” seçildi
31.12.2009 - 17:48
Həmyerlimiz Rusiyada “ən texnikalı idmançı” seçildi
Pəhləvanlarımız Rusiyadan zəfərlə döndülər

Rusiyanın Samara vilayətində sərbəst güləş üzrə təşkil olunan beynəlxalq turnirdə Azərbaycan Güləş Federasiyasının Gəncədəki 7 saylı Regional nümayəndəliyinin sərbəst güləş üzrə yığma komandası da iştirak edib. Samara vilayətində yaşayan azərbaycanlı idman sevər biznes adamlarının maddi dəstəyi ilə turnirə yollanan pəhləvanlarımız dekabrın 11-dən 15-dək davam edən yarışda qələbə qazanıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə yığma komandanın baş məşqçisi Mikayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə, 9 nəfərlik heyətlə turnirə yollanan həmvətənlərimiz 5 günlük mübarizənin yekununda 5 (1 qızıl, 2 gümüş, 2 bürünc) medala layiq görülüblər.

76 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Mircəfər Murtuzlu fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 63 kq-da Roman Quliyev və 54 kq-da Orxan Məmmədov gümüş medalla qane olublar. 50 kq-da Asif Əliyev və 58 kq-da öz qüvvəsini sınayan Cəlal İsmayılov bürünc medal qazanıb.
C.İsmayılov 3-cü yer uğrunda keçirilən görüşdə erməni güləşçini mübarizədən kənarlaşdırıb.

Samara vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Zaman Məmmədovun Lent.az-a bildirdiyinə görə, Mircəfər Murtuzlu qızıl medalla yanaşı, turnirin “ən texnikalı idmançısı” adını qazanıb.