Yığmamız Ermənistanı qabaqladı
05.01.2010 - 15:35
Yığmamız Ermənistanı qabaqladı
Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Türkiyənin Bursa şəhərində keçirilən dünya çempionatında bir neçə cəhətdən rəqiblərini üstələyir. Apasport.az saytının hesablamalarına görə, Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Məmmədovun yer aldığı yığmamız orta reytinq balında yalnız Rusiyadan geri qalır. Orta yaş həddində isə komandamız üçüncü sıradadır. Şahmatçılarımız çox cüzi fərqlə türkiyəli və hindistanlı həmkarlarından yaşca böyük sayılırlar. Əsas odur ki, yığmamız hər iki reytinqdə Ermənistanı qabaqlayıb.

Ümumiyyətlə, dünya çempionatının ən cavan iştirakçısı ABŞ təmsilçisi Ray Robsondur. Onun cəmi 15 yaşı var. 1957-ci il təvəllüdlü misirli İmed Abdelnabbi isə yarışa qatılanlar arasında ən yaşlısıdır. Çempionatın ən aşağı reytinqli şahmatçısı Misir yığmasının digər üzvü Sərvət Vaaladır (2386). Ən yüksək reytinqli iştirakçıların ilk “üçlüy”ündə isə həmvətənimiz Vüqar Həşimov (2759) da yer alıb. O, ermənistanlı Levon Aronyan (2781) və israilli Boris Qelfanddan (2761) sonra üçüncüdür.

Qeyd edək ki, bu gün başlanan çempionatda 10 komanda qüvvəsini sınayır. Doqquz turdan ibarət yarış yanvarın 14-də başa çatacaq.

Orta reytinq balı:
1. Rusiya 2718 bal
2. AZƏRBAYCAN 2683
3. İsrail 2669
4. Ermənistan 2658
5. ABŞ 2629
6. Hindistan 2607
7. Yunanıstan 2580
8. Braziliya 2579
9. Misir 2485
10. Türkiyə 2476

Orta yaş həddi:
1. Türkiyə 22.16 yaş
2. Hindistan 22.5
3. AZƏRBAYCAN 22.83
4. ABŞ 24.83
5. Rusiya 25
6. Ermənistan 27.66
7. İsrail 31.33
8. Braziliya 32.33
9. Yunanıstan 32.33
10. Misir 33.1