Həşimovla Rəcəbovun ethiyatda qalmasının səbəbi açıqlandı
13.01.2010 - 15:08
Həşimovla Rəcəbovun ethiyatda qalmasının səbəbi açıqlandı
Azərbaycan yığma komandasının aparıcı üzvləri Vüqar Həşimovla Teymur Rəcəbovun Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatının son turuna buraxılmamalarının səbəbi müəyyənləşib. Bu haqda Lent.az-a eksklüziv açıqlamasında hazırda Bursada yarışı izləyən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hər iki şahmatçının ABŞ-la bugünkü qarşılaşmadan kənarda qalmaları komandanın ümumi qərarı əsasında reallaşıb. Səbəb kimi Həşimovun dünya çempionatının əvvəlki 8 turunda zəif çıxışı, Rəcəbovun isə qara fiqurlarla oynamaqdan yorulması göstərilib: “Vüqar oynaya bilmir. Nədənsə, oyunu alınmır. Sanki uğursuzluq zolağına düşüb. Teymur yaxşı çıxış etsə də, indiyədək keçirdiyi 7 görüşdən 3-də qara fiqurlarla oynayıb. Bu isə şahmatçıda yorğunluğa səbəb olub. Ona görə də komandamızın kapitanı Zurab Azmayparaşvili ABŞ-la görüşə Həşimov və Rəcəbovsuz çıxmağı qərara aldı”.

Federasiya rəsmisi ABŞ-ı Qədir Hüseynov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Nicat Məmmədovla yenməyin də mümkünlüyünü bildirib.

Qeyd edək ki, Vüqar Həşimov dünya çempionatında oynadığı 7 qarşılaşmada cəmi 1 qələbə qazanıb. Qalan oyunlarda 3 heç-heçə edən Həşimov 3 dəfə məğlub olub. Teymur Rəcəbov isə keçirdiyi 7 görüşün heç birində uduzmayıb. Rəcəbov 3 qələbə, 4 heç-heçəyə nail olub. Bu qələbələrin 2-sini o, qara fiqurlarla qazanıb. Onları əvəzləyəcək şahmatçılara gəldikdə, indiyədək Qədir Hüseynov 3, Nicat Məmmədov isə 2 görüşə çıxıb. Hüseynov 2 heç-heçə, 1 məğlubiyyət, Məmmədov isə 1 qələbə, 1 məğlubiyyət alıb.

8 turdan sonra 11 xala malik Azərbaycan yığması Hindistanla birgə 3-4-cü yerləri bölüşür. Lider Rusiyanın 13, ikinci pillədəki ABŞ-ın isə 12 xalı var.
0