Həmyerlimiz Ukrayna kubokunu qazanıb
10.03.2010 - 13:05
Həmyerlimiz Ukrayna kubokunu qazanıb
Ukraynada yaşayan azərbaycanlı boksçu Sadiq Mirzəyev ölkənin cənub əyalətində keçirilən boks üzrə Ukrayna kuboku uğrunda yarışda qalib gəlib.

Əslən Ağdam rayonundan olan, Uşaq yaşlarından karate ilə məşğul olmuş həmyerlimizin hazırda 18 yaşı var. O, ən ağır çəki dərəcəsində döyüşür. Qeyd edək ki, gənc boksçumuzun 3 döyüş keçirdiyi yarışmanın final qarşılaşması fevralın 28-nə, idmançının doğum gününə təsadüf edib.

Lent.az-ın Ukraynadakı əməkdaşı ilə söhbətində Sadiq öncə ilk müəllimi, Qarabağ savaşının iştirakçısı olmuş, hazırda Ukraynada yaşayan İlham Ağayevə təşəkkürünü bildirib. Uğurlarını davam etdirəcəyini vurğulayan gənc boksçu ən böyük arzusunun doğma Qarabağ torpağını görmək olduğunu söyləyib. Yeri gəlmişkən, Sadiqin məğlub etdiyi idmançılardan biri Ukraynada yaşayan erməni olub.

Ukrayna vətəndaşı olmasına baxmayaraq, Sadiq qalib gəldiyi döyüşlərdə hər zaman Azərbaycanın üçrəngli bayrağı ilə rinqdə dolaşır. Qeyd edək ki, turnirin təşkilatçısı Ukrayna Əfqan Döyüşçüləri Cəmiyyəti olub.
0