Avropa çempionatında şahmatçılardan kütləvi narazılıq
10.03.2010 - 13:21
Avropa çempionatında şahmatçılardan kütləvi narazılıq
Xorvatiyanın Riyeka şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatının iştirakçıları kütləvi narazılığa başlayıblar. Apasport.az saytının məlumatına görə, 110 zəka sahibi yarışın Təşkilat Komitəsinə müraciət ünvanlayaraq, çempionatın V turundan etibarən oyunlara mümkün yubanma halları üçün minimum 30 dəqiqə ayrılmasını xahiş ediblər. Belə olacağı hallarda, onlar texniki məğlubiyyətdən qismən “sığortalanacaqlarını” bildiriblər.

Avropa Şahmat İttifaqının prezidenti Dəmir Vrhovnik şahmatçıları dəstəkləyib: “Təşkilatçılar iştirakçılar üçün əllərindən gələni əsirgəmirlər. Buna görə də müraciət imzalayanları dəstəkləyirəm. Lakin bu məsələ Avropa Şahmat İttifaqının Hüquq Komissiyasının səlahiyyətlərinə daxildir. Bununla bağlı, yalnız onlar qərar verə bilərlər”.

Qeyd edək ki, qitə çempionatında qüvvəsini sınayan 500-dən çox şahmatçının 15-i Azərbaycanın şərəfini qoruyur. Hələlik təmsilçilərimizdən heç biri gecikmə ucbatından məğlubiyyətə məruz qalmayıb. Təşkilat Komitəsinə müraciət edənlər arasında həmyerlilərimizin olub-olmadığı məlum deyil.
0